Peyman Babayi: "Əmir Ağayevin Azərbaycan millisinə çox köməyi dəyər"

18 Sentyabr 2019 17:50 Sumqayıt 674
Peyman Babayi: "Əmir Ağayevin Azərbaycan millisinə çox köməyi dəyər"

"Üç oyundur "Sumqayıt" xal qazana bilmir. Halbuki mövsümə yaxşı başlamışdıq. "Qəbələ"ni səfərdə məğlub edə bilmişdik. “Səbail”, “Neftçi” və “Zirə” görüşlərində xallar qazana bilərdik. Amma alınmadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın hücumçusu Peyman Babayi deyib.

Forvard komandasının Premyer Liqadakı çıxışını dəyərləndirib. Bununla bərabər o, "Sabah"la görüşdə "Sumqayıt"ın xal qazana biləcəyinə inandığını söyləyib: "Neftçi"dən bir xal götürə bilərdik. Sadəcə, sonluq elə alındı ki, uduzduq. “Səbail” və “Zirə”ni udmalıydıq. Öz səhvlərimiz ucbatından uduzduq. Ola bilər ki, bəzi epizodlarda hakimlərin səhvləri ucbatından da qollar buraxmışıq. "Zirə" ilə görüşdə həm mən, həm də digər oyunçularımız qol vura bilərdi. Amma bu bizdə alınmadı".

"Sumqayıt"ın gələcəyi 100 faiz yaxşı olacaq. Biz meydanda futbol oynamağa çalışırıq. Hamımız əl-ələ verib komandanı böhrandan çıxarmalıyıq. Özümüz də çalışırıq ki, bu vəziyyətdən çıxaq. "Sabah"la oyunda xal götürsək komandamızın gələcəyi çox yaxşı olacaq. Hamımız bir-birimizə dəstəyik. Bizdəki istək heç bir komandada yoxdur. Klub prezidenti və baş məşqçimiz uşaqlara dəstək olur. "Sabah"la oyunda yaxşı nəticə qazanmaqla uğursuz nəticələri yaddan çıxararıq".

Peyman Azərbaycan millisinə cəlb olunmaq ehtimalını da dəyərləndirib: "Bir ara Azərbaycan millisinə cəlb olunmağımla bağlı söhbətlər var idi. Ancaq indi belə məsələ yoxdur. Türkiyədəki toplanış zamanı xeyli zədələrim var idi ki, hələ tam düzəlməyib. Məşqlərdə tam özümü hazır hesab etmək istəyirəm. Qarşıdakı oyunlarda özümü yaxşı göstərərək Azərbaycan millisinə düşmək istəyirəm. Ümid edirəm ki, Azərbaycan millisinə düşərək, yığmaya da kömək edərəm. Təbii ki, Azərbaycan millisində oynasam çox sevinərəm".

İranlı forvard sonda əslən İsraildən olan komanda yoldaşı Əmir Ağayevin Azərbaycan millisinə dəvət olunmaq ehtimalından danışıb: "Əmir Ağayevin Azərbaycan millisində oynamaq ehtimalı olduğunu eşitmişəm. O, həm yaxşı oğlandır, həm də yaxşı futbolçudur. Inşallah, Azərbaycan millisində oynayar və milliyə kömək edər. Əmir milliyə cəlb olunarsa, ona orada uğurlar arzu edirəm. Əminəm ki, Əmirin milliyə köməyi çox dəyər".

Digər Xəbərlər
Xəbər Lenti