COP29

44 nəfərlə qazanılan...

24 Aprel 23:40 Sumqayıt 430
44 nəfərlə qazanılan...

"Sumqayıt" son 5 həftəyə rahat nəfəs alaraq daxil oldu.

"Kimyaçılar" 31-ci tur əsas rəqiblərindən biri "Turan Tovuz"la Tovuzda qarşılaşırdı.

Ağır səfər oyununda bərabərlik də qənaətbəxş hesab oluna bilərdi.

Amma Samir Abasovun yetirmələri hər kəsi təəccübləndirəcək qələbə ilə yadda qaldı.

2024-cü ildə Tovuzdan qələbə ilə qayıdan yeganə komanda "Qarabağ" idi. "Sumqayıt" ikincisi oldu.

Amma ağdamlılar belə Tovuz şəhər stadionunda "gənclik şəhəri" təmsilçisi kimi əl-qol aça bilməmişdi.

İlk hissədə iki qol vuran qonaqlar, ikinci yarı da eyni sayda qol vurunca darmadağın rəsmiləşmiş oldu - 4:1.

Əslində meydan sahiblərinin startdakı təzyiqi, ikinci yarının əvvəlindəki üstünlüyü belə sonluqdan xəbər vermirdi.

Amma həmin gün "Sumqayıt"ın günü idi.

İlk olaraq Şəhriyar Əliyevin tərs vuruşu "Sumqayıt"ın xoş bəxtinin ilk işartıları idi.

Ardınca Erik Sorqa həm fərqləndi, həm də asist etdi.

Səbuhi Abdullazadənin vuruşuna isə sözlər acizdir. Onu ilk dəfə bu qədər soyuqqanlı görürdük.

Cordan Rezabalanın son zərbəsi isə bağlanış rolunu oynadı.

"Sumqayıt" final fitindən sonra meydandakı xoşbəxtliyini tribunalara - onları qələbəyə daşıyan 44 nəfərə daşıdı.

2020-ci ildən sonra bu rəqəm bizim üçün müqədəssləşib.

Vətən Müharibəsini simvolizə edən "44" harda önümüzə keçsə, bizim üçün sayğı duruşu qaçılmaz olur.

Premyer Liqa matçlarının 44-cü dəqiqəsi kimi.

Sumqayıtlı futbolçular üçün bu dəfə həm də həmin 44 nəfərin önündə sayğı duruşu göstərmək məcburiyyəti yarandı.

"Kimyaçılar" fan klubunun rəhbəri Sənan bəy arasında qazilərin də yer aldığı həmin 44 sayda fanatla səfərə çıxmalarının təsadüf yox, qələbəyə aparacaq yolun güvən yeri kimi baxdıqlarını hələ matçın fasiləsində bəndənizə demişdi.

Arzuladığı kimi də oldu.

Onlar 44 nəfərlə 44-cü dəqiqədi döyüş meydanındakı qalibləri unutmadılar.

Futbolçular isə vurduğu 4 topla 450 km qəti edib gələn 44 nəfərə futbol meydanındakı ən vacib qələbələrindən birini ithaf etmiş oldular.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti