İki “qoç”, öz evində qonaq – Vay uduzanın halına!

11 Aprel 20:40 Sumqayıt 757
İki “qoç”, öz evində qonaq – Vay uduzanın halına!

Premyer Liqanın 30-cu turunun açılış oyunu Sumqayıtda baş tutacaq.

Oyun da nə oyun.

Gərginlik, mübarizə, münaqişə - hər şey olacaq. Loru dildə desək, qan su yerinə axacaq.

Vay uduzanın halına

Turnir cədvəlinin hazırkı vəziyyətinə real yanaşsaq, gümüş və bürünc medallara, başqa cür desək, iki yerə üç komanda daha yaxın görünür.

“Qarabağ” lider kürsüsündə əyləşibsə, son turda “Qəbələ”ni məğlub edən “Zirə” 45 xalla ikinci, “Neftçi” 44 xalla üçüncü, 43 xalı olan “Sumqayıt” dördüncüdür. Ötən həftə “Sumqayıt”la “Neftçi”nin şəxsi oyunda xalları bölməsi zirəlilərin işinə yaradı.

“Zirə” “Mehdi Hüseynzadə”dən 3 xalla ayrılmağı bacarsa, sumqayıtlılarla xal fərqi 5-ə yüksələcək ki, indiki məqamda bu, kifayət qədər ciddi fərqdir. Əks halda, ikinci yeri əldən verəcəklər.

Son 4 oyunu udublar

Üçüncü dövrədəki 9 oyunda cəmi 2 qələbəyə sevinən Rəşad Sadıqovun çalışdırdığı kollektiv dördüncü dövrəyə ardıcıl 2 qalibiyyətlə başlayıb. Ümumi mənzərədən danışmalı olsaq, “qartallar” 1-i ölkə kubokunda olmaqla son 4 görüşün hamısını qalib başa vurublar. İki dəfə “Qəbələ”ni udublar, digər hallarda “Kəpəz”lə “Sabah”dan üstün olublar. Martın 10-dan bu yana məğlubiyyət tanımırlar. “Zirə” üçün ev-səfər anlayışı yoxdur. Oyunları alındısa, hədəfə çatmağı bacarırlar.

Qeyri-sabitlik, öz evində qonaq

“Sumqayıt” cari mövsümdə təəccübləndirməyi bacarsa da, komandada sabitlik çatmır. Məsələn, Samir Abasovun çalışdırdığı kollektiv qışdan bu yana ardıcıl 2 oyunda qələbə qazana bilməyib. Bir oyunu udan kimi, növbəti matçda büdrəyirlər. “Kimyaçılar”ı ev komandası hesab etmək də düzgün olmaz. “Mehdi Hüseynzadə”nin istifadəyə verilməsindən sonra burada 5 oyun keçirən “Sumqayıt” yalnız 2 qarşılaşmada qalib gəlib. Üstəlik, arenaya gözlənilən sayda azarkeş gəlmir.Yəni “Zirə”ylə görüşdə meydan sahibi statusunun vacib rol oynayacağını iddia etmək çətindir.

İki “qoçun” başı

Sözsüz, bu cür gərgin matçda hakimlər briqadasının üzərinə böyük yük düşəcək. Referinin şübhəli və ya yanlış qərarları texniki zonada gərginlik yaradacaq ki, bir tərəfdə çılğın Samir Abasov, digər yanda emosionallığına görə Rəşad Sadıqov dayanacaq. Kəllə-kəlləyə gələcəkləri inandırıcı deyil. Hakimin qərarları, ya da futbolçuların meydandakı anormal hərəkətləri onları özündən çıxara bilər. Bir sözlə, tək qazonun üzərində yaşananlar yox, meydanın kənarında baş verənlər də maraq doğuracaq.

Aprelin 12-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Zirə” qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti