Bəlkə son 9 turda, Erik? - Abasovun dərdinə məlhəm olmaq üçün

21 Mart 17:45 Sumqayıt 452
Bəlkə son 9 turda, Erik? - Abasovun dərdinə məlhəm olmaq üçün

“Sumqayıt” ardıcıl üçüncü ev oyununda da qələbəyə həsrət qaldı.

Bu dəfə “Sabah” onları xalsız qoymağı bacardı.

Oyunun ilk bir saatını qonaqların aktivinə yaza bilərik.

Bunun məntiqi nəticəsi olaraq, 62-ci dəqiqədə 2 topluq üstünlük Masazır klubuna məxsus idi.

0:2 geri düşən meydan sahibləri son 20 dəqiqədə özünə gəlməyi bacardı. Ardıcıl hücumlar, yaradılan təhlükəli qol epizodları.

Amma gec idi. Səbrlə müdafiə olunan Renduliçin yetirmələri sonda 3 xalan sevinən tərəf oldu.

84-cü dəqiqədə Erik Sorqanın vurduğu təsəlli qolu da işə yaramadı.

Lakin estoniyalının fərqlənməsini qeyd etməmək olmaz.

İki rəqibindən sıyrılan “9 nömrə” uzaq məsafədən topu doqquzluğa sancdı.

Kifayət qədər baxımlı qol vuran hücumçu bununla 10 oyunluq “qol orucun” da pozmuş oldu.

O, sonuncu dəfə “Qarabağ”la oyunda fərqlənmişdi.

Andrey Lunyevə vurulan qol da kifayət qədər əla alınmışdı.

Əslində bu tərzdə qollar vurmağı Sorqa sevir.

Sadəcə məhsuldarlıq o deyil.

Bir əcnəbi hücumçu 10 oyundan bir fərqlənməli deyil. Axı onu təsəlli qollarını vurmaq üçün bura gətirməyiblər.

Erik baxımlı qollarına məhsuldarlıq da qata bilsə, Abasovun dərdi olmaz ki...

Arxada qalan 27 turda onun ifasında bunu görmədik.

Bəlkə, son 9 turda, Erik?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"