"Sumqayıt"ı zirvədən dərəyə aparan ŞOK SƏBƏB!

7 Mart 22:20 Sumqayıt 608
"Sumqayıt"ı zirvədən dərəyə aparan ŞOK SƏBƏB!

"Sumqayıt" Premyer Liqanın 25-ci turunu məğlubiyyətlə tamamladı.

Özü də elitada qalmaq uğurunda mübarizə aparan "Kəpəz"ə.

Qərb təmsilçisi qonaq meydanında özünü evdə kimi hiss etdi - 3:1.

Ötən tur "Qarabağ"a uduzan "Kimyaçılar" 19 turdan sonra bu mövsüm ikinci dəfə ardıcıl məğlubiyyət yaşadı.

Ümummiyyətlə, "Sumqayıt" son 15 görüşdə 3 məğlubiyyət alıb. Onun ikisi "Qarabağ"la oyunlara təsadüf edir.

Üçüncüsü isə sonuncu "Kəpəz"lə matçda oldu.

Təəccübləndimmi?

Əsla. Heç qarşıdakı turlarda sonuncu pillədə gedən "Qəbələ"yə uduzsalar belə yenə təəccüblənməyəcəm.

Gözlənilən məğlubiyyətlər, ehtimal olunan ssenaridir.

Qış fasiləsində rəhbərliyin puluna qənaət etməsinin nəticəsi başqa necə olmalıydı?

Belə gedişatın ola biləcəyini tək mən yox, hər kəs bilirdi. Elə başda baş məşqçi Samir Abasov olmaqla.

Əbəs deyil ki, təcrübəli mütəxəssis hələ uğurlu qrafik cızdıqları dönəm ("Qəbələ" üzərində qələbə qazandıqları oyundan sonra) təhlükə barədə xəbərdarlıq etmişdi: "Qarşıdakı turlar çətinlik çəkəcəyik. Aşağı yerlərə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq".

Həmin açıqlamadan sonrakı 6 görüşdə "Sumqayıt" yalnız bir qələbə qazana bilib.

Abasov qış fasiləsində, ondan öncə və sonra da oxşar fikirlərlə yadda qalmışdı.

O dedi, biz yazdıq, amma klub rəhbərliyi qulaqardına vurdu.

Bu da ağır nəticəsi.

Buyurun, "həzz" ala-ala tamaşa edin.

Yazıq məşqçi və futbolçu heyəti də dişi-dırnağı ilə yığdığı xalların "əriməsinin", yüksəldikləri zirvədən isə komandanın aşağı yuvarlanmasının ağrısını yaşasın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti