COP29

Premyer Liqa klubunun xoş günündə XƏSİS rəhbər, "LÜT tribuna"

25 Fevral 15:15 Sumqayıt 1 654
Premyer Liqa klubunun xoş günündə XƏSİS rəhbər, "LÜT tribuna"

"Sumqayıt" 7 oyundu məğlub olmur. Bu matçlarda 3 qələbə, 4 bərabərlik əldə olunub.

Son 13 turda isə yalnız "Qarabağ" "kimyaçılar"ı meydandan məğlub ayrılmağa məhkum edib.

Bunun nəticəsində aktivinə 36 xal yığan komanda hazırda ikinci pillədə lövbər salıb.

Sona cəmi 13 tur qalmış qarşımızda canlanan mənzərə Sumqayıt şəhəri adına möhtəşəmdir.

Amma bu gözəlliyin fonunda gizlənən problemlər də nə qədər desən var.

Bu gün Samir Abasov meydançaya buraxmağa oyunçu tapmır.

Çalışdırıcı sonuncu dəfə 5 əvəzetmə limitindən 9-cu turda istifadə edib.

Yəni 14 matç əvvəl. Sadəcə dəhşətdir. Və bu qarşılaşmaların əksəriyyətində baş məşqçi 2 dəyişiklik etməklə yadda qalıb.

Bu, Abasovun hansısa taktiki gedişi yox, məcburiyyət sindromudur.

Ehtiyat skamiyada oturanlara baxanda elə simalar görür ki, meydanda dili çıxan futbolçusuna şükür etməli olur.

Davam etməyə məcburdur.

Çünki bədxərc rəhbərlə üz-üzə qalıb.

Oyunçu tapılmır söhbəti bəhanədir.

Sadəcə pul xərcləmək lazımdır.

Rəhbərlik belə gündə də xərcə düşməyib nə vaxt düşəcək?

Fələk çərxi tərsinə fırladıb, bir göz qırpımında 8-ci pilləyə atanda?

Onda çox gec olacaq. Artıq indi belə gecdir.

Dərd gələndə batmanla gəlir.

Mehdi Hesynzadə adına Sumqayıt şəhər Stadionun açılışı olanda klub sevindi ki, daha dolu tribunalar önündə, 12-ci azarkeşin dəstəyini hiss edərək rəqiblərinə qarşı mübarizə aparacaq.

"Turan Tovuz"la qarşılaşmada həmin ümidlər də puç oldu.

Komanda meydana 0:1 geridə çıxdı. İsinmə hərəkətlərinə çıxan futbolçular boş tribunaları görüb şoka düşməsin neyləsin?

Düzdü, hava soyuq, rəqib də ikinci "beşlik" təmsilçisi idi.

Amma bu da 1480 sayda azarkeşin gəlməsinə bəraət qazandıra bilməz.

"Könlü balıq istəyənin quyruğu suda gərək" - deyiblər.

Avrokuboklarda oynamağı xəyal edən Sumqayıt camatı gərək isti-soyuq hava, güclü-ortabab rəqib demədən şəhərin tək komandasına dəstək olmağı bacarsınlar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"