Sürpriz komandanın əsas adamı ehtiyat etdi: “Adlarını çəkmək istəmirəm”

14 Fevral 20:40 Sumqayıt 1 535
Sürpriz komandanın əsas adamı ehtiyat etdi: “Adlarını çəkmək istəmirəm”

Cari Premyer Liqa mövsümündə sözün yaxşı mənasında təəccübləndirən komanda “Sumqayıt”dır.

Yayda ciddi dəyişikliklərə məruz qalan “kimyaçılar”ın bu dərəcədə uğurlu olacağı kimin ağlına gələrdi?

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 21 oyundan 34 xal toplamaqla lider “Qarabağ”ın ən yaxın izləyicisidir (yazı “Zirə”ylə oyundan əvvəl hazırlanıb –H.).

“Sumqayıt”ın kubok mübarizəsini dayandırdığını, əsas rəqibləri “Zirə”ylə “Neftçi”nin yarımfinala yüksəldiyini və növbəti aylarda daha çox güc itirəcəyini nəzərə alsaq, sumqayıtlıların işinin nisbətən asan olacağını düşünmək olar.

“11-liy”in dəyişməz üzvlərindən olan israilli yarımmüdafiəçi Roi Kehat mövzu ilə bağlı Sportinfo.az-a danışarkən tələsməməyi tövsiyə edərək, indiki məqamda proqnoz verməyin çətin olduğunu bildirib:

“Çempionatda çox güclü rəqiblər var. Adlarını bir-bir çəkmək istəmirəm, özünüz yaxşı bilirsiniz.

İkinci yerdəki komanda ilə 7-ci yer arasında 6-7 xallıq fərq var. Bu, ciddi göstərici deyil.

Premyer Liqanın başa çatmasına hələ çox var. Növbəti həftələrdə yerdəyişmələr ola bilər, ona görə də indidən nəsə demək mümkün deyil.

Mövsümün sonu və mümkün avrokubok iştirakçıları barədə danışmaq üçün heç olmasa 30-cu turu gözləməliyik. Bəlkə həmin vaxt proqnoz vermək olar”.

İsrail millisinin sabiq futbolçusu cari mövsümdə “Sumqayıt”ın heyətində meydana çıxdığı 22 oyunda 5 qol və 1 məshuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti