Samir Abasovun Miodraq Bojoviç üzərində "qələbə resepti"!

8 Fevral 23:00 Sumqayıt 387
Samir Abasovun Miodraq Bojoviç üzərində "qələbə resepti"!

Sumqayıt futbolsevərləri üçün 10 illik həsrət başa çatdı.

Şəhərin tək komandası məhz bu qədər aradan sonra doğma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıtdı.

Böyük ayrılıq böyük zəfərlə başa çatdı.

"Kimyaçılar" yenilənmiş arenadan "Neftçi"ni məğlub yola salmağı bacardı - 2:1.

Məncə, qələbənin reseptini baş məşqçi Samir Abasov bir neçə gün əvvəldən yazmışdı.

Sadəcə qalırdı meydançada icraçıların buna əməl etməsi.

Bildiyiniz kimi, 31 yanvar bu komandalar ölkə kubokunun 1/4 final mərhələsində üz-üzə gəlmişdi.

"Ağ qaralar"ın qələbə qazandığı (3:2) görüşlə məğlub olduğu son matçdakı (1:2) heyətləri müqayisə edəndə həmin reseptə nələrin yazılması aşağı-yuxarı məlum olur.

İki görüşdəki start "11-lik"ləri arasında 3 dəyişiklik xüsusilə diqqətdən qaça bilməz.

Söhbət Kasimir Ninqa, Roi Keyhat və Oktavio Montekadan gedir.

Hər üç futbolçunu Ölkə Kubokundakı matçda ikinci 45 dəqiqədə oynadan təcrübəli mütəxəssis çempionat görüşündə start heyətində meydana buraxmışdı.

Təbii ki, Abasov bu addımında iki missiya gizlənirdi.

Ən pis variantda Ölkə Kubokunu çempionata qurban verməyə hazır olan mütəxssis ilk 45 dəqiqəni birtəhər yola verməyə hesablamışdı.

Əminəm ki, 0:3 ilk 25-30 dəqiqədə olsa belə Abasov əvəzetməyə getməyəcəkdi. Səbəb isə aparıcı qüvvəninin gücünü hər iki görüş arasında bölmək idi.

Məhz meydançadakıların gücü hesabına fasiləyə maksimum münasib hesabla yollanmaq lazım idi.

İkinci yarının taleyini isə yuxarıda adlarını çəkdiyimi “üçlük” həll etməliydi. Qısası, hücumda passivlik qaçılmaz idi, lakin müdafiə etibarlı olmalıydı.

Sadəcə ilk “11-lik”missiyanı tam yerinə yetirə bilmədi.

Fasiləyə yollanmağa 2-3 dəqiqə qalmış buraxılan 2 qol kefləri pozsa da, plan yerində qaldı.

Enerjili Ninga, Roi və Monteka meydana girər-girməz orta xətt və hücumda üstünlük tam meydan sahiblərinin tərəfinə keçmiş oldu.

Belədə edilən təzyiq gec-tez bəhrəsini verməliyidi. Ki, verdi də. Öncə Roin ötürməsindən sonra Elvin Bədəlov ilk topu rəqib qapısından keçirdi.

Son yaxın isə Montekanın ötürməsini Ninga qola çevirdi. Zaman qalsa, digər qollar da çox uzaqda kimi görünmürdü.

Amma istənilən halda 0:3-dən sonra vurulan iki qol cavab görüşü üçün şansları saxlamış oldu.

Həm də 4 gündən sonra Samir Abasov üçün daha önəmli olan liqa matçına futbolçuların yüksək motivasiya ilə çıxması təmin olundu.

Axı əsas heyət bütünlüklə meydanda olanda “Neftçi”yə nəfəs almağa imkan verilmədi.

Deməli, növbəti 90 dəqiqədə də bunu bacarmaq olardı. Bu, baş məşqçinin ilk missiyasının tam həyata keçməsi idi.

Elə oldu da…

Məhz həmin haqqında bəhs etdiyimiz, kubok görüşündə 45 dəqiqə istirahət etmiş “üçlük” çempionat oyununda start heyətində başladı.

Bojoviç isə Azər Əliyev xaric eynilə kubok matçındakı heyətlə matça başlamışdı.

Bəlkə də əsas səbəblərdən biri bu idi ki, “ağ qaralar”ın yorğunluğu, passivliyi fonunda meydan sahibləri daha “diri” görünən tərəf idi.

Bunun məntiqi nəticəsi olaraq öncə Montekanın əla ötürməsini Ninga qolla tamamladı, ardınca Abu Dossun ötürməsi sonrası afrikalı legioner dublunu rəsmiləşdirmiş oldu.

Fasilədə Alfa Konte və Brayan Morenonun oyuna qoşulması ilə “Neftçi”də canlanma yarandı. Təxminən 10 dəqiqə. Bunda Montekanın məcburi əvəzlənməsi və eyni heyətlə davam edn sumqayıtlı futbolçulardakı yorğunluğun da təsiri vardı.

Əvəzetmədən söz düşmüşkən, Montekanı fasilədə məcburiyyətdən dəyişən Abasov bir də son saniyələrdə Ninganı oyundan aldı.

İkinci yarının təxminən ilk 10 dəqiqəsində nisbətən kölgədə qalan "kimyaçılar" sonrasında oyunu bərabərləşdirə bildi.

Və son dəqiqələrdə penaldan buraxılan bir qola rəğmən qələbə hesabını əldən vermədi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti