“Neftçi” ilə oyundan qabaq bir-birimizə deyirdik ki...”

6 Fevral 01:20 Sumqayıt 375
“Neftçi” ilə oyundan qabaq bir-birimizə deyirdik ki...”

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov Premyer Liqanın 21-ci turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikləri oyun haqda sualları cavablandırıb.

- “Neftçi” üzərində qələbəni necə şərh edərdiniz?

- Yenidənqurmadan sonra stadionda ilk oyun idi. Ona görə də məsuliyyətimizi dərk edirdik. Bilirdik ki, bizi çətin oyun gözləyir. Azərbaycanın flaqmanına qarşı oynayırdıq. Çox gözəl qələbə qazandıq. Buna görə çox məmnunuq. Azarkeşlərimizə də təşəkkür edirik ki, stadionda möhtəşəm atmosfer yaratdılar.

- Oyundan əvvəl anşlaq yaşanacağı bilinirdi. Bu məqam psixoloji cəhətdən sizdə gərginlik yaratmamışdı?

- Bəli, oyundan əvvəl də bilirdik ki, stadion dolu olacaq. Oyunöncəsi məşq zamanı öz aramızda söhbət edəndə bir-birimizə deyirdik ki, azarkeşləri küsdürmək olmaz. Mütləq qələbə qazanmalıyıq. Şükürlər olsun ki, istəyimizə çatdıq.

- Oyundan əvvəl klub rəhbərliyinin qələbə üçün sizə yaxşı mükafat vəd ediyi deyilir...

- Xeyr, oyundan əvvəl mükafat barədə bir söz deyilməmişdi. Oyundan sonra icra başçısı və klubumuzun prezidenti Riad müəllim bizi təbrik etdi. Əsas olan azarkeşlərimizi sevindirməyimizdir. Bundan sonra da bizi burda daha yaxşı oyunlar gözləyir. Ümid edirəm ki, gələcəkdə də bu arenada fanatlarımızı sevindirə biləcəyik.

- Necə düşünürsünüz, növbəti matçlarda da stadionda anlşaq yaşanacaq, yoxsa arenada daha az tamaşaçı görəcəyik?

- Bu cür qalibiyyətdən sonra düşünürəm ki, növbəti ev matçımızda da anşlaq yaşanacaq. Biz azarkeşlərimizi nə qədər çox sevindirsək, onların da dəstəyi bir o qədər güclü olar.

- Çempionatdan fərqli olaraq kubok matçında “Neftçi”yə məğlub olmuşdunuz. Həmin məğlubiyyətin çempionatdakı qələbədə nə dərəcədə rolu oldu?

- Kubok oyununun ilk hissəsində üç qol buraxdıq. Demək olar ki, həmin qolların hamısını özümüz rəqib hədiyyə elədik. Amma ruhdan düşmədik. Sonadək mübarizə aparıb iki qol vurduq. Düşünürəm ki, daha çox qol vura bilərdik. Çempionatdakı qələbəmiz motivasiyamızı daha da artırıb. Kubokun cavab görüşündə də qələbə qazana bilərik. Həmin görüşdə mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik.

- Millinin mart ayındakı toplanışı üçün dəvət gözləyirsiniz?

- Mən hər bir oyuna maksimum hazırlaşıram. Ümid edirəm ki, inamlı çıxışıma davam etsəm, qarşıdakı toplanışa dəvət ala bilərəm. Mən hər zaman millidə çıxış etməyə canla-başla hazıram.

Digər Xəbərlər
Xəbər Lenti