"Sumqayıt" 10 il sonra "Mehdi Hüseynzadə"yə qayıtdı, Samir Abasov bu diqqəti görmədi - FOTO

4 Fevral 14:00 Sumqayıt 752
"Sumqayıt" 10 il sonra "Mehdi Hüseynzadə"yə qayıtdı, Samir Abasov bu diqqəti görmədi - FOTO

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun keçiriləcək.

"Sumqayıt" Premyer Liqanın 21-ci tur oyununda "Neftçi"ni bu arenada qəbul edəcək.

Bu, 10 illik fasilədən sonra yenilənmiş həmin arenada ilk oyun olacaq.

Saat 15:00-da başlayacaq matça maraq böyükdür. Açılış maçından əvvəl konsert proqramı da təşkil olunacaq.

"Sumqayıt" bu stadionda sonuncu dəfə 2014-cü ildə oyun keçirib. Premyer Liqanın matçında "Qarabağ"ı qəbul edən "Sumqayıt" 1:0 hesablı qələbə qazanıb.

"Kimyaçılar" bakılılarla matça ikiqat motivasiya ilə çıxmalıdır.

Son bir həftədə ikinci dəfə üz-üzə gələcəkləri "Neftçi"ni bu dəfə udmaqla həm doğma "ev"ə dönüşü əla əhval-ruhiyyədə qeyd edəcək, həm də Samir Abasovun doğum gününü qutlayacaqlar.

"Sumqayıt" fevralın 1-də 46 yaşın "qapısını döyən" baş məşqçi haqda sosial şəbəkə hesabında bunları yazıb:

"Mehdi Hüseynzadə adına stadionda təmirdən öncəki son matçda o, bizimlə idi. "Kapital Bank Arena"da ilk matçda da komandamızdaydı...

"Kapital Bank Arena"dakı son matçda "Sumqayıt"ın baş məşqçisi kimi meydanda idi. Mehdi Hüseynzadə adına stadionun təmirdən sonrakı açılış matçında da komandasının başında meydanda olacaq.

Bu gün klubumuzun əfsanəsi, baş məşqçimiz Samir Abasovun doğum günüdür. Baş məşqçimizi kollektivimiz adından təbrik edir, ona şəxsi həyatında və karyerasında uğurlar arzulayırıq".

"Sumqayıt"lılar istifadəyə verilən köhnə-yeni məkanda artıq məşqə də çıxıb. Komanda üzvləri Samir Abasov üçün meydanın mərkəzinə yığışıb, ona təbriklərini çatdırıb.

Bu foto da klubun sosial şəbəkə hesablarında paylaşılıb. Gözdən qaçmayan məqam rəsmilərdən heç birinin kollektiv şəkildə yer almamasıdır.

Adətən, belə əlamətdar günlərdə baş məşqçi idarəçilərin əhatəsində görünər. Deyəsən, bu ənənə hələ "Sumqayıt"da formalaşmayıb.

Və bəlkə də Abasovun onlarla münasibətlərinin soyuq olmasına görə…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti