Respect, ABASOV! – Sevilən və seçilən peşəkar

25 Yanvar 20:40 Sumqayıt 632
Respect, ABASOV! – Sevilən və seçilən peşəkar

“Sumqayıt”la “Qəbələ” arasında baş tutan oyunun taleyini Kasemir Ninqanın yeganə qolu həll etdi.

Çad millisinin forvardı Kamal Umudlunun təyin etdiyi penalti zərbəsindən məharətlə istifadə etməklə qarşılaşmada vurulan yeganə qola imzasını yazdırdı.

Oyun başa çatandan sonra “Sumqayıt”ın bütün futbolçuları kimi “11 nömrə”də məmnun görünürdü. Paltardəyişmə otağından çıxıb avtobusun yolunu tutan Ninqaya yaxınlaşıb ingilis dilində bilib-bilmədiyimi soruşdum.

Həm vurduğu qol, həm əldə etdikləri qələbə, həm də özü ilə bağlı bəzi suallarla bağlı təəssüratını öyrənmək istəyirdim. İngilis yox, yalnız fransız dilində danışa bildiyini söyləyib uzaqlaşdı.

Və bu an “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun səsi eşidildi: “Həbib, Həbib... Zaur, Zaur”.

Klubun mətbuat katibi Zaur Xudiyevin “bəli”si vaxtında gəldi.

Samir bəyin kifayət qədər əsəbi tonda göstərişinə açığı, təəccübləndim. Ninqanın ingilis dilində danışa bilmədiyini deməsi baş məşqçiyə xoş gəlməmişdi:

“Zaur, onu çağır, gəlib müsahibə versin. İngilis dilində bilmirmiş. Klubun tərcüməçisi də kömək etsin”.

Heç bir dəqiqə keçməmiş Kasimir müsahibə üçün yanımdaydı. Tərcüməçinin köməkliyi ilə suallarıma cavab tapmağı bacardım. Bu, öz yerində.

Samir Abasov şəxsiyyətinə və iş bacarığına hörmət bəslədiyim tək-tük məşqçilərdəndir. Amma “Neftçi”ni çempion etdiyi mövsümün növbəti ilində komandası gözlənilənləri verməyəndə ən çox tənqid etdiyim şəxs məhz Samir bəy olmuşdu.

Etiraf edim ki, yazılarımın birində emosiyalara qapılıb hətta sarı xətti keçmişdim və buna görə aramızda müəyyən soyuqluq yaranmışdı. Bir müddətdən sonra həmin mövzu ilə bağlı söhbət edəndə bir-birimizi başa düşməklə umu-küsünü kənara atmağı da bacarmışdıq.

Deməyim odur ki, Abasov buna görə sevilir, çoxlarından seçilir və işsiz günləri ən yaxşı halda bir neçə ay olur. Çünki o, hər nə qədər özündən tez çıxsa da, peşəkarlıq anlayışını işinin bir parçası sayır. Dünən onu tənqid edən jurnalistə bu gün müsahibənin alınmasında kömək edir.

Halbuki, bu, onun işi deyil.

Respect, Samir Abasov!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti