GƏRGİNLİK! Samir Abasov klub rəhbərliyini hədəf aldı - ÜSTÜÖRTÜLÜ MESAJ

24 Yanvar 15:00 Sumqayıt 1 229
GƏRGİNLİK! Samir Abasov klub rəhbərliyini hədəf aldı - ÜSTÜÖRTÜLÜ MESAJ

«Sumqayıt» 2024-cü ilə qələbə ilə başladı.

19-cu turda «Qəbələ»nin qonağı olub, evə 3 xalla qayıtdılar.

İkinci hissədə vurduqları pnalti qoluyla məqsədlərinə çatdılar.

Qəbələ səfəri Samir Abasovun komandasını üçüncü pilləyə qaldırdı. Baş məşqçi matçsonrası ətbuat konfransında verdiyi bir açıqlamayla diqqət mərkəzinə düşdü.

Abasov ona transfer etmədiklərini xatırladan jurnalistə «komanda bunun əziyyətini çəkəcək» cavabı verdi.

Sitat: «Aşağı pillərələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq. Bu gün sistemi dəyişməyimin səbəbi də sırf heyətlə bağlıdır. Danışıq apardığımız oyunçular var, amma hələ ki, onları gətirə bilməmişik».

Bu, birbaşa mesajdır. Samir Abasovun sözünün arxasındakı narazılıq/şikayət klub rəhbərliyindəndir. Bir-iki il qabaq olsaydı, o, giley-güzarını açıq dillə ifadə edərdi, konkret ad çəkərdi.

Bu gün bunu edə bilmir, çünki daşdan keçən müqavilə var ortada. 2022-ci ilin payızında, «Sumqayıt»a ikinci qayıdışı zamanı imzalanıb həmin müqavilə.

Oradakı bir bəndə əsasən, Abasov mətbuata/ictimaiyyətə heç bir açıqlamasında klub funksionerlərinə yönəlik tənqidi fikirlər səsləndirə bilməz.

Belə bir hal qeydə alınarsa, baş məşqçini böyük miqdarda cərimə gözləyir. Bəlkə də çoxunuz buna inanmayacaqsız, ancaq əmin olun ki, biz həqiqəti deyirik.

Rəsmilərdən kimsə əksini söyləsə, zəhmət çəksin, o müqaviləni da qoysun masanın üzərinə, sübut etsin ki, bu, belə deyil.

Samir Abasov üstüörtülü şikayəti ilə özünü mümkün pis ssenaridən sorğulayır, idariçiləri isə tənqid kötüyünə tərəf itələyir.

Dediyi budur ki, komanda uğursuzluq zolağına yuvarlansa, liderlər qrupundan uzaqlaşsa, günahı məndə görməyin, səbəbkarlar yuxarı başda əyləşənlərdir, indidən onları tanıyın.

Samir Abasov ipə-sapa yatmayan məşqçilərdəndir. Qüvvədə olan müqavilə də, hanısa başqa anlaşma da onun əsəbiləşəcəyi, özündən çıxacağı ana qədər keçərlidir.

Komandası büdrəsə, üzüaşağı getsə, dili açılacaq, kükrəyəcək, «qırmızı xətt»i tapdalayacaq.

O, «Neftçi»də belə, haqq bildiklərini dilə gətirməkdən çəkinmədi, bu cür davam eləsə, «Sumqayıt»da da aranı bir-birinə qatacaq açıqlamalarla gündəmə gələcək.

Biz Antalyada baş verən hadisələrdən xəbərdarıq. Bilirik, klub funksionerləri stola yaxınlaşan kimi Samir Abasov yerindən qalxıb, masa başında əyləşənlərə heç nə demədən oradan uzaqlaşıb.

Bunu kiçik bir xatırlatma olaraq burada qeyd etdik. Söhbətin arxasını yenə Samir Abasov gətirəcək.

Qarşıdakı günlərdə də istədiyi transfer xəbərləri çıxmasa əgər. Onda onun səsi çıxacaq, həm də bərkdən.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti