Premyer Liqa klubu qapısına kimi gətirdiyi şansı əldən buraxmamaq üçün nə etməlidir?

28 Yanvar 14:00 Sumqayıt 458
Premyer Liqa klubu qapısına kimi gətirdiyi şansı əldən buraxmamaq üçün nə etməlidir?

“Sumqayıt” mövsümün ikinci yarısına da qələbə ilə başladı. “Qəbələ”nin qonağı olan Samir Abasovun komandası Kasimir Ninqanın 74-cü dəqiqədə penaldan vurduğu qolla 3 xalı aktivinə yazdıra bildi.

Əsas rəqiblərin demək olar hamısının xal itirdiyi turda qazanılan 3 xalın dəyəri 6-ya bərabərdir.

Bununla da aktivindəki xalların sayını 30-a yüksəldən komanda eyni xala sahib “Zirə” ilə 2 və 3-cü pillələri bölüşürlər.

Kifayət qədər böyük sıçrayışdır. Nəinki futbol ictimaiyyəti, heç klubun öz əməkdaşları da yayda yığılan komandadan qışda belə çıxış etməyi xəyal belə etməzdi.

İndi isə gerçəklərlə üz-üzəyik. Bu günə görə komandanın bütün fərdlərinə əhsən düşür. Abasov geniş olmayan resurslarla böyük nəticəyə doğru addım-addım irəliləyir.

Gələcəklə bağlı narahatlığı isə qəti həmin sevincin arasında itib-batmağa qoymaq olmaz.

Bəli, ilk baxışdan “Sumqayıt” üçün hər şey ideal görünür.

Həm nəticələr, həm də turnir cədvəlindəki vəziyyət gözoxşayır.

Bu gün Premyer Liqada bir çox klubun xəyal etdiyini mənzərədir.

Lakin heyətə baxanda baş məşqçi adına narahat olmamaq mümkün deyil.

Çünki ehtiyat skamiya çox kasaddır.

Bəli, hazırkı kollektivlə asanlıqla Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirmək olar.

Hətta mövsümün sonu ilk “altılıq”da da lövbər salmaq potensialı az deyil.

Amma avrokuboklara vəsiqəni təmin edən ilk üç yerdən birini tutmaq üçün futbolçu potensialı çox aşağıdır. Bu pafosla yaşamağa dəyməz.

Ancaq iştah da diş altındadır deyiblər.

Artıq 3-cü dövrə start götürüb. Yolun yarısı geridə qalıb.

Deməli, finişə yarıdan da az məsafə var. Belə məqamda ələ düşən fürsəti qaçırmaq indiyə qədər çəkilən əziyyətə heyif olacaq.

Ona görə də nə qədər ki, gec deyil minimum iki sanballı transfer edilməldir. Əlbəttə, iki transfer avrokubokların zəmanəti olmayacaq. Baş məşqçinin əlindən çox tutacağı da sirr deyil. Şansları ən azından indikindən çox edəcək. İmkanlar bir qədər də genişlənəcək.

Nəzərə alaq ki, növbəti ev oyunundan komanda təxminən 10 min tamaşaçı tutumu olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdacaq.

Bu, böyük dəstəklə yanaşı, həm də artan təzyiq deməkdir.

İndidən buna hazır olmaq mütləqdir. Sonda üzülməyəsən deyə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti