"Sumqayıt" Premyer Liqanın XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.
Beləcə, "kimyaçılar"ın 8-9 ildən sonra "Mehdi Hüseynzadə"yə dönüşü reallaşmaq üzrədir. Mişel Platininin iştirakıyla "Kapital Arena"nın açılışını edən klub köhnə stadonunu yenidən icarəyə götürüb.
Bununla bağlı klub və yerli İcra Hakimiyyəti arasında müqavilə imzalanıb. Təmiri 4 ilə yaxın vaxt aparan futbol qurğusu "gənclik şəhəri təmsilçisi"nin uzunmüddətli sərəncamına keçib.
"Sumqayıt" ötən 3 aya yaxın müddətdə burada bir sıra mühüm işlər görüb. Media lojası düzəldilib, internet kabeli çəkilib, VİP-lojaların sahəsi genişləndirilib.
Həmçinin projektorlar dəyişdirilib, canlı yayımın kəsintisiz təminatı üçün transformator quraşdırılıb. Bütün bunlar Peşəkar Futbol Liqasının (PFL) təlimatı əsasında icra olunub.
PFL-in ekspertləri yaxın günlərdə növbəti dəfə Sumqayıta səfər edəcək, arenaya yekun baxış keçirəcək.
“Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev bu xəbərə sevindiklərini etiraf edib. 25 yaşlı arxa xətt oyunçusu Sportinfo.az-a açıqlamasında deyib:
“Nəhayət, yeni arenamıza dönəcəyik. Uzun həsrət başa çatır. Sumqayıtın əsas stadionda oynayacağımıza görə hamımız şadıq.
Bu, yaxşı nəticələr qazanmaq yolunda bizə daha çox motivasiya verəcək”.

