ACINACAQLI MƏNZƏRƏ: Premyer Liqa klubunun gələcəyi kimlərin əlindədir?

7 Yanvar 22:00 Sumqayıt 743
ACINACAQLI MƏNZƏRƏ: Premyer Liqa klubunun gələcəyi kimlərin əlindədir?

Samir Abasov Premyer Liqada gənc futbolçulara ən çox şans verən mütəxəssislərdən biridir.

"Kimyaçılar"ın məşqlərini tez-tez izləyən biri kimi bunu sizə əminliklə deyə bilirəm.

Yay fasiləsində yeni transferlər gecikirdi, Antalya toplanışına aparmağa heyət düzəlmirdi. Abasovun sərəncamında daha çox əvəzedici və U-19 komandasından cəlb olunan yerli uşaqlar idi.

Elə qış fasiləsindəki məşqlərdə də oxşar mənzərədir.

Legionerlər Türkiyədə komandaya qoşulacaq deyə, təcrübəli mütəxəssis yalnız yerlilərin ümidinə qalıb.

Arasında çox sayda gənc futbolçu var.

Hətta onların arasında 2008-2009 təvəllüdlü uşaqları da görmək mümkündür.

Yəqin ki, Türkiyə toplanışına da növbəti dəfə onlardan aparılanlar olacaq.

Bir detalı da mütləq qeyd edim ki, çalışdırıcı məşqlərin gedişində əsas heyət və gənclər bölgüsünə demək olar yer vermir.

Hər birinə eyni istək və həvəslə tapşırıqlar verir və tələb edir.

Yəni gənclərin məşqlərə cəlb edilməsi yalnız say düzəltmək üçün hesablanmayıb.

Amma həmin futbolçuları rəsmi oyunlarda demək olar görə bilmirik.

"Sumqayıt" mövsümün birinci yarısını ən çox zədədən əziyyət çəkən 2-3 klubdan biridir.

Deməli, həmin gənclərin meydana çıxması üçün bir də belə fürsət yaranır.

Heyət kasad, zədəli çox.

İddialar böyük deyil, büdcə aşağıdır və.s.

Amma bu qədər fürsətlər fonunda onu dəyərləndirməsini bacaran gənc tapılmır.

Əminəm ki, bəzi oyunlarda Samir Abasov yanındakı gənclərə dönə-dönə baxıb "kimi meydana buraxsam faydalı olar" - deyə çox düşünüb.

Və ya məşqlərdə gözü hansısa gənci axtarıb ki, rəsmi oyunlarda meydana buraxsın.

Amma kimi?

Dediyim kimi, komandanın məşqlərin fürsət olduqca yaxından izləyirəm.

Təəssüf ki, həmin kimi mən də tapa bilmirəm.

Bu qədər fürsətlər varkən, gənclər arasında diqqət çəkən 1 gənc yoxdur.

Yaxınlaşıb məşqçidən xahiş edəsən və ya tənqid edəsən ki, filankəsi niyə oynatmırsan?

Bir gənci nişan verib, ümid etmək olmur ki, ikinci sort legioner bir kənara, hətta ikinci sort yerlini sıxışdırıb heyətdən çıxaracaq.

Bu gün böyük futbol ənənisi olmasını bəh-bəhlə səsləndirdiyimiz Sumqayıt şəhərində futbolun gələcəyi bu qədər acınacaqlı və düşündürücüdür.

PS: Əminəm ki, kiçik araşdırma aparsaq əksər Premyer Liqa klublarında mənzərə oxşardı. Deməli, aşağı səviyyəli legionerlərin ölkəmizə axının bir səbəbi də məhz ölkədəki gənc futbolçularımızın səviyyəsinin çox aşağı olmasıdır. Xüsusilə də düşüncə və cəsarət olaraq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"