COP29

"Qarabağ" eyforiyası, "Sumqayıt" cəsarəti yıxdı bu komandanı

7 Noyabr 2023 17:00 Sumqayıt 653
"Qarabağ" eyforiyası, "Sumqayıt" cəsarəti yıxdı bu komandanı

“Araz Naxçıvan”ın 4 oyunluq məğlubiyyətsiz seriyası Sumqayıtda başa çatdı.

“Sumqayıt”ın qonağı olan Muxtar Respublika təmsilçisi meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılmalı oldu.

Halbuki ötən tur “Qarabağ” üzərində qələbə qazanan (2:1) Azər Bağırovun yetirmələrinin çətin səfərdən minimum 1 xalla qayıdacağı gözlənilirdi.

Deyəsən, elə həmin zəfər futbolçularda eyforiya yaradıb.

Hər halda, “Araz”ın mövsümdə bəlkə də ən pis görüşünü keçirməsinə başqa nə ad verəsən?

Adət etdiyimiz sürətli, baxımlı futbol oynayan komandadan əsər-əlamət yox idi.

Çalışdırıcı müxtəlif gedişlərlə oyuna müdaxilə etməyə çalışsa da heç bir bəhrəsi olmadı.

Təbii ki, bunda “kKimyaçılar”ın əməyini də unutmaq olmaz.

Samir Abasovun futbolçuları meydanda daha istəkli, daha aqressiv tərəf idi.

90 dəqiqə baxımlı futbolla yadda qalan meydan sahibləri, görünür, rəqibi düzgün analiz etməyi bacarmışdı.

Ələ düşən real qol imkanları qaçırılmasaydı, bu gün böyük hesablı qələbədən də danışa bilərdik.

Ümumiyyətlə, “Sumqayıt”ın oyununda yüksəlişi görməmək mümkün deyil.

Kollektiv hər keçən tur daha bərk komanda təsiri bağışlamaqdadır.

Nəzərə alaq ki, Sumqayıt təmsilçisi ağır qrafikdən çıxmışdı. Heyətdə ciddi itkilər vardı.

Amma meydanda bunu hiss etdirmədilər.

Qazanılan önəmli qələbəni ilk sıralarda yer alan rəqiblərə verilən “Biz də varıq” mesajı kimi də qəbul edə bilərik.

Axı indi bu komandanı ilk üçlükdə yer alan kollektivlərdən cəmi 3 xal ayırır.

Qalır uğurlu nəticələri stabilliyə çevirmək.

Belədə həmin pillələrdə də yer almaq çətin olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti