Premyer Liqa klubu ilə şəhər rəhbərliyi arasında mühüm razılıq əldə olundu

28 Oktyabr 2023 16:00 Sumqayıt 1 548
Premyer Liqa klubu ilə şəhər rəhbərliyi arasında mühüm razılıq əldə olundu

“Sumqayıt“ dekabrda yeni ünvana köçəcək.

“Kimyaçılar“ ilin son ayından etibarən ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionda qəbul edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Tamaşaçı tutumu 9502 nəfər olan stadionda 545 nəfərlik VİP və KİV tribunası yaradılıb.

İdman kompleksi yerli İcra Hakimiyyətinin (İH) balansındadır. Klubla İH arasında aparılan danışıqlar demək olar başa çatıb.

Buranın uzunmüddətli icarəyə götürülməsinə dair razılıq əldə edilib.

İlkin anlaşmaya əsasən, “Sumqayıt“ stadionda bəzi yeniltklər həyata keçirəcək, bu zaman AFFA və Peşəkar Futbol Liqasının tələbləri əsas götürüləcək.

Prosesdə yubanma baş versə, komanda köç üçün gələn ilin əvvəlini gözləməli olacaq.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “Mehdi Hüseynzadə“yə köçlə bağlı deyib ki, arena ilk növbədə “gənclik şəhəri” təmsilçisinin sərəncamına verilməlidir:

“Yarışlara məsul qurumlar AFFA və Peşəkar Futbol Liqası razılıq verdikdən sonra komandamız yeni stadionda oyun keçirə biləcək.

Stadion Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikilib, qazon, oturacaqlar, “skay-boks” hazırdır. Ancaq oyun keçirmək üçün təkcə bunlar kifayət deyil.

Əvvəla, stadion “Sumqayıt”ın sərəncamına verilməlidir. Yəqin ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə klub arasında anlaşma olacaq”.

Z.Xudiyevin sözlərinə görə, arenada görüləcək bəzi işlər var:

“Arena əvvəlcə bizə verilməli, həmçinin, bir sıra nüanslar Premyer Liqa oyunları üçün uyğunlaşdırılmalıdır. Bura işıqlandırma, tablo, internet xətti, jurnalistlər, qonaqlar üçün yer, paltardəyişmə otaqları və sair aiddir.

Bu xırda məsələlər həll olunduqdan sonra AFFA və PFL-in nümayəndələri tərəfindən baxış keçiriləcək”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti