"Sumqayıt" Premyer Liqada II turdan təxirə salınmış matçda "Sabah"ı Kamran Əliyevin vurduğu yeganə qolla məğlub etdi.
Qarşılaşmanın qəhrəmanı Sportinfo.az-a müsahibə verib.
- Qələbənizdə həlledici məqam nə oldu?
- Çətin bir matç alındı. Yaxşı oynadıq və sevinirik ki, meydandan qələbəylə ayrıldıq. "Sabah"a 4 gün əvvəl uduzduğumuzdan bu gün qalib gəlməyimiz prinsipial idi. Maşallah, buna nail olduq.
- Erkən qol vurdun, baxımlı da alındı. Qol vuracağını gözləyirdin?
- Hər matçda ona köklənirəm ki, qol vurum, komandama kömək edim. Bu, indi məndə alındı. Özü də oyunda qələbə topu oldu. Buna şadam. Əsas odur ki. 3 xal qazandıq.
- "Sabah"la xatırlatdığın keçən matçda sizdə nə alınmamışdı. bu dəfə nə alındı?
- Onda ilk hissədən sonra bir az konsentrasiyanı itirdik və oyunu rəqibə verdik. Bunun nəticəsində bizə 3 qol vurdular.
- Həm özünün, həm də "Sumqayıt"ın ilk dövrədəki çıxışını necə dəyərləndirərdin? Artıq nəsə alınır?
- Bəli. Lakin artırmalı olduğumuz şeylər var. Hər oyundan, hər məşqdən sonra daha çox artırmağa çalışacağıq.
- Komandanızın bu mövsüm real olaraq hədəfi nə ola bilər?
- Bu sual rəhbərliyə aiddir.
- Meydanda əsas işi görən siz futbolçularsınız. Potensialınız nəyə imkan verir?
- Futbolçu həmişə qələbə qazanmaq istəyir. Potensial olaraq bir məqsəd ola bilər - avrokuboklara düşmək.
XANOĞLAN İMANOV

