“Sumqayıt”ın yay fasiləsində heyətinə qatdığı Eriq Sorqa hələlik gözlənilənləri verə bilmir.
Estoniyalı forvard arxada qalan 8 matçda aktivinə cəmi bir qol yazdıra bilib.
Onu da çempionatın ilk turunda “Səbail”lə matçda penaltidən rəqib qapısından keçirib.
Əslində 24 yaşlı legioner yoxlama matçlarındakı performansı bizə tam başqa şeylərdən mesaj verirdi.
Belə ki, Erik “Erzurumspor”la Türkiyədə, MOİK-lə Sumqayıtda keçirilən yoxlama görüşlərində het-triklə yadda qalmışdı. Düşünmək olardı ki, premyer liqanın bombardirlərindən biri olacaq.
Maraqlıdır, eyni məhsuldarlığı rəsmi matçlara daşımağa nə mane olur?
Sorğumuzu cavab olaraq komandanın baş məşqçisi Samir Abasov Sportinfo.az-a açıqlamasında bunları deyib:
“Çempionatımız həddən artıq gərgin keçir. Bu gərginlik forvardlara da təsir edir.
Erik qol vurmalıdır ki, açılışsın. Milli komandanın üzvüdür, heç olmasa, orada vursun.
Erik Azərbaycan çempionatında cərimə meydançasının içində olan ən yaxşı forvardlardan biridir. Adam konkret bitiricidir.
Cərimə meydançası həndəvərində isə o qədər də effektiv deyil. Dərd odur ki, biz cərimə meydançasına gedib çıxa bilmirik.
Orada qol epizodu yarada bilmirik. Məsələn, mən deyərəm ki, Erik həmin sahənin ən yaxşısıdır.
Futbolçu bunu oxuyandan sonra mənə bildirər ki, müəllim, biz ora neçə dəfə gələ bilmişik? Problem məhz burdadır”.
XANOĞLAN

