Nə gözləyirdik, nə gördük?

13 Oktyabr 2023 23:40 Sumqayıt 1 306
Nə gözləyirdik, nə gördük?

"Sumqayıt" 9-cu tur doğma meydanda "Kəpəz"i qonaq etdi.

Tərəflərə qələbə hava-su kimi vacib idi.

Ki, mövsümə əla start verən meydan sahibləri 5 görüş idi 3 xala həsrət qalırdısa, bölgə klubu sonuncu dəfə bu sevinci birinci turda "Neftçi" üzərində yaşamışdı.

Bu şərtlər altında meydana çıxan komandaların hər top uğurunda amansız mübarizə aparacağı, qələbə üçün bütün gücünü meydanda qoyacağını ehtimal etmək olardı.

Lakin ilk hissə çox sönük keçdi. Futbolçular çox sayda top itkiləri ilə yadda qaldı. Sanki hər kəs tələsirdi.

Üzərində təzyiqi hiss edən komandalar bəlkə də bunun təsirindən potensiallarından da aşağı çıxışla yadda qalırdılar.

Aşağı-yuxarı hər iki kollektiv də eyni çərçivədə məzmunsuz oyunla azarkeşlərin əsəblərin tarıma çəkmiş olduğunu deyə bilərik.

Əbəs deyil ki, fasiləyə qədər nəinki qol vurulması, heç normal qol epizoduna şahid ola bilmədik.

Görüşün arzulanan səviyyədə keçməməsinə küləkli hava şəraiti və meydançanın sürüşkən olması da az təsir etmirdi.

Hər şeyi iqlimlə bağlamaq isə insafdan olmazdı.

İkinci yarı Samir Abasovun yetirmələrinin nisbətən aktiv mübarizəsi ilə start götürdü. Nəticədə yarımqol epizodları yaranmağa başladı.

Belə fürsətlərdən biri 61-ci dəqiqədə Kehatın əlinə düşüncə hesab açıldı.

İstədiyi qolu vuran "Kimyaçılar" üstünlüyü "Kəpəz"ə verib, yaxşı əks-hücum yaxalamaq yolunu seçdi.

Azər Məmmədovun yetirmələri isə qol istəyini sağdan-soldan cərimə meydançasına edilən ötürmlərlə çatmaq istəyirdi.

Bunu isə meydan sahiblərinin müdafiəçiləri ciddi sıxıntı yaşamadan qarşılayıb, təhlükəni sovuşdura bilirdi.

"Kəpəz"in buraxılan qoldan sonrakı ərazi üstünlüyü maksimum 10-12 dəqiqə çəkdi.

74-cü dəqiqədə Samir Abasov Erik Sorqa, Oktavio Monteka, Roi Kehatın əvəzinə Kamran Quliyev, Kasimir Nianq və Səbuhi Abdullazadəni meydana buraxmaqla oyunun ipin yenidən ələ keçirmiş oldu.

Mübarizəni mərkəzə keçirən meydan sahibləri sona kimi tempi istədiyi kimi saxlayınca 5 oyunluq qələbə həsrətinin bitməsi rəsmiləşmiş oldu.

"Sumqayıt" əvvəlki görüşlərdə son çempiona, hazırkı liderə, bir sözlə, iddialı komandalar məğlub olmuşdu.

Autsayderlə görüşdə də eyni taleni yaşamaq Samir Abasovun yetirmələri üçün xoş olmayan gələcək vəd edə bilərdi.

Bu baxımdan minimal hesablı qələbəni çox dəyərli saymaq olar. Baxmyaraq ki, oyun səviyyəsi hələ də ürəkaçan deyil. Bax, yaranmış 2 həftəlik fasildə bunun üzərində işləmək mütləqdir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti