Nəhayət, “Sumqayıt” 5 turluq fasilədən sonra 9-cu turda qələbə qazana bildi.
Doğma meydanda “Kəpəz”i qəbul edən “Kimyaçılar” Roi Kehatın ikinci yarıda vurduğu qolla 3 xalı aktivinə yazdırdı.
Qarşılaşmadan sonra matçdakı yeganə qolun müəllifi olan israilli yarımmüdafiəçi Sportinfo.az-a müsahibə verib.
- Gərgin oyunda qələbə gətirən qolun müəllifi oldun. Nələr deyə bilərsən?
- Son zamanlar vəziyyətimiz o qədər də yaxşı deyildi. Müəyyən bir uğursuzluq seriyamız vardı. Qol vurduğum üçün sevinirəm. Amma əsas olan komandamızın qələbə qazanması idi.
- Mövsümə əla start vermişdiniz. Sonrakı uğursuzluq eyforiyadan irəli gəlirdi, yoxsa rəqiblərin sizi daha yaxşı tanımasından?
- Qətiyyən hansısa eyforiyadan söhbət gedə bilməz. Məncə, bəzi oyunlarda əlimizə düşən şanslardan düzgün istifadə edə bilmədik. Bəzən ilk hissəni yaxşı oynadıq, amma davamın gətirə bilmədik. Təəssüf ki, heç bir şəkildə qələbə qazana bilmirdik.
- Bugünkü qələbənin davamın gətirmək mümkün olacaq?
- Hədəfimiz oyundan-oyuna qalib gəlməkdir. Qarşımıza konkret məqsəd qoyulmayıb. İnanıram ki, davamı gələcək..
- Belə qələbədən sonra milli komandalara görə yarancaq fasilə yerinə düşdü, yoxsa olmasa daha yaxşı olardı?
- Buna iki tərəfdən yanaşmaq olar. Birincisi odur ki, bu qələbədən sonra yaxşı seriya yaxalamaq olardı. İkinci məsələ isə odur ki, 2 həftəlik fasilədə həm istirahət edərik, həm də arxada qalan oyunlara baxıb bir az düşünərik. Bərpa olunmaq üçün yaxşı imkandır.
- Baş məşqçi Samir Abasov cəza səbəbindən ehtiyat skamiyada yer almırdı. Fasilədə isə paltardəyişmə otağına gəlmədi. Bu məqam oyunuza hansı formada təsir etdi?
- Açığı, yanımıza gələ bilər, yoxsa bilməz, onu dəqiq bilmirəm. Amma istənilən halda əvvəldən tapşırıqların vermişdi. Nə etməli olduğumuzu yaxşı bilirdik.
XANOĞLAN İMANOV

