“Sumqayıt” mövsümə fırtına kimi başlamışdı.
Yayda böyük dəyişiklərə gedən, sanballı legionerlərlə güclənən “Səbail”ə ilk turdaca 4 qol vurmağa başqa nə ad verəsən?
Oyun olaraq da “kimyaçılar”da yeni ruh, sistem hiss etməmək mümkün deyildi. Ardınca “Qəbələ” səfərində də kollektiv çox yaxşı ilk hissə keçirmişdi. Sanki Bayıldakı matçın davamına Qəbələdə tamaşa edirdik.
Amma bu komandaya nə oldusa elə bölgədəki ikinci yarıdan sonra oldu.
Qəbələdə uğursuz ikinci yarı keçirən “Sumqayıt” böyük çətinlik bahasına qələbə hesabını sona kimi qoruyub-saxlaya bildi – 2:1.
Mövsümdəki ilk 3 hissədə 6 qol vuran Samir Abasovun yetirmələri sonrakı 5 oyunda aktivinə cəmi 1 qol yazdıra bilib.
O da Rövlan Muradov penalti zərbəsindən sonra vurulub.
Çox acınacaqlı və düşündürücü məqamdır.
Hücumçulardan Kasimir Ninqa ən son düşərgəyə qoşulanlardandır. Hələ adaptasiya prosesin keçən Çad millisinin üzvündən əlahiddə nəsə gözləməyə dəyməz.
Ötən mövsümü “Şamaxı”da pis keçirməyən digər hücumçu Kamran Quliyev startdakı 1 qolun və parlaq oyunun davamın gətirə bilmir. Hələki gözləntilərin altında qalır.
Böyük ümidlərlə yayda düşərgəyə ilk transfer edilənlərdən olan Erik Sorqaya nə söz? Estoniya millisinin forvardı yoxlama görüşlərində qolları üç-üç rəqib qapısından keçirsə də rəsmi oyunlarda "onu gördüm" - deyən tapılmır. Hətta birinci turda penaltidən vurduğu yeganə qol da “qol orucu”na başlamağa mane olmadı.
Məncə, təcrübəli mütəxəssis ilk öncə bu “üçlü” haqqında bir çarə düşünməlidir.
Azərbaycan futbolunda “Qarabağ”a məğlubiyyətdən normal heç nə yoxdur.
0:5-i qoyaq kənara.
Amma öncəki turlar “Zirə” (0:1), “Neftçi” (0:1) və “Turan”la (0:0) görüşlərdə ön xətt mat duruma düşməsəydi, bu gün tam fərqli şeylərdən danışa bilərdik.
XANOĞLAN İMANOV

