“Sumqayıt”ın kapitanı Elvin Bədəlov “Qarabağ”a məğlubiyyətdən sonra (0:5) diqqət mərkəzinə düşüb.
Komandanın Premyer Liqanın son turlarını uğursuz keçirməsi müdafiəçini özündən çıxarıb.
Uzun illərdir “kimyaçılar”ın şərəfini qoruyan arxa xətt oyunçusu bununla bağlı narazılığını gizlətməyib.
O, paltardəyişmə otağında hamının eşidəcəyi tərzdə “əşşi, bu legionerləri kim gətirib bura” deyib və üzünü Samir Abasovun köməkçilərinə tutub.
Kapitan bununla da kifayətlənməyib, yayda alınan əcnəbi futbolçuların komandanı gücləndirmədiyini bildirib.
Kapitanın etirazı barədə redaksiyamıza məlumat daxil olub. Maraqlıdır, baş məşqçinin futbolçu ilə bu barədə söhbəti olubmu? Bədəlov hansısa formada cəzalana bilərmi?
Suallarımıza cavab tapmaq üçün uz tutduğumuz klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev saytımıza açıqlamasında bunları dedi:
“Tamamilə əsassız, mənşəyi məlum olmayan iddiadır. Heç bir etirazdan söhbət gedə bilməz.
Birincisi, Elvin elə çılğın, çox əsəbləşən, deyinən futbolçu deyil, ikincisi də o, peşəkardır.
Çox yaxşı bilir ki, komandada oyun alınmırsa, istər taktiki, istər də oyunçu planında müəyyən dəyişikliklər olur. O da bütün futbolçular kimi bunu normal qarşılayır və baş məşqçinin qərarına tabe olur.
Həmçinin, Bədəlov hansısa komanda yoldaşı haqqında iddia edildiyi kimi sözlər sərf etməz. Nəinki, Elvin, heç bir oyunçumuz belə bir fikirdə olmaz.
Bütün oyunçular birlikdə çalışırlar ki, komandaya xeyir versinlər. Ehtiyatda oturmaq lazımdırsa, ehtiyatda oturacaq, oynamaq lazımdırsa, oynayacaq, son damla tərinə qədər mübarizə aparacaq.
Qaldı ki, cəza məsələsinə, belə bir hadisə baş vermədiyinə görə hansısa cəza da olmayacaq.
Ümumiyyətlə, komandada gərgin ab-hava yoxdur. Əhval-ruhiyyə yerindədir və hamılıqla "Qarabağ" matçını unudub "Kəpəz"lə oyuna köklənmişik”.
XANOĞLAN / SPORTİNFO.AZ

