
«Sumqayıt» Premyer Liqada axırıncı qolu Premyer Liqanın dördüncü turunda vurub.
«Araz Naxçıvan»la «Dalğa»da keçimrilən oyunda Rövlan Muradov fərqlənib.
Həmin qarşılaşma avqustun 25-nə təsadüf edir. Aradan ötən 1 ayda «Sumqayıt» daha dörd dəfə meydana çıxıb və birində də qol sevinci yaşamayıb.
Qol yoxdursa, deməli, qələbə də yoxdur. Sonuncu dəfə Qəbələ səfərində qalibiyyətin ləzzətini dadmış «Sumqayıt» nə üz verdi ki, sonrakı həftələrdə dağın başından aşağı yuvarlandı?
Samir Abasov bu sualın cavabını daş-kəsəkdə, onda-bunda, orada-burada yox, özündə, futbolçularla münasibətlərində axtarmalıdır.
Axır vaxtlar düşərgədən narazılıq sədaları ucalmaqdadır. Bu narahatlıq və şikayətlərin təsiri «Qarabağ»la dünənki matçda meydanı başına götürdü.
«Sumqayıt» mövsümün ən zəif oyununu keçirdi və demək olar heç bir şey etmədi. Xətlərarası əlaqə, hücum və əks-hücum konteksində həvəskar görüntü çizdilər.
Mübarizə əzmi istəkdən başlayır. İstək olmayandan sonra nəsə alınan deyil.
Samir Abasov «o nəsə»ni alındırmaq istəyirsə, leksikonunu dəyişdirməli, yalnız acı dillə danışmamalı, baş yarmamalıdır.
Bir əliylə baş yaracaqsa, o biri əliylə tumar çəkməyi bilməlidir.
MUSA