
Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən «Sumqayıt» - «Neftçi» matçından (1:0) sonra gözlənilməz hadisə yaşanıb.
“Kimyaçılar”ın baş məşqçisi Samir Abasov “CBC Sport” müsahibə verərkən, stadionun işıqları qəfildən sönüb.
“Kapital Arena” tamamilə qaranlığa büründüyündən, canlı efirdə bir neçə saniyəlik fasilə yaranıb.
Tribunalar tərk etməyə hazırlaşan azarkeşlər bu zaman Abasovun lehinə, işıqları söndürənlərin əleyhinə şüarlar səsləndirib. Daha sonra çalışdırıcı bu vəziyyətdə sualları cavablandırmağa davam edib.
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb, hadisənin qəsdən törədilməsi, yoxsa texniki nasazlıq ucbatından baş verməsi ətrafında müzakirələrə səbəb olub.
Başverənlərə aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq.
Klub rəsmisi saytımıza açıqlamasında bunları dedi:
“İşıq məsələsi sırf texniki məsələdir. Xətlərdə nasazlıq olduğu üçün söndürmək məcburiyyətində qalıblar.
Əslində, cəhd olunub ki, müəyyən yerlərin işıqlandırlması qalsın. Amma texniki səbəbdən arenanın bütün işıqları sönüb.
Bəli, iddia var ki, guya qonaqların qələbə sevincini yarımçıq qoymaq üçün işıqlar qəsdən söndürülüb. Qətiyyən bununla əlaqəsi yoxdur.
Çünki mən başverənlərə diqqət edirdim. Qarşılaşma bitən kimi Samir Abasovla bərabər "CBC Sport"un fləş müsahibəsinə getdik.
Bu zaman artıq "Neftçi" futbolçuları azarkeşlərin yanına gedib, qələbəni istədikləri kimi qeyd edib, sonra paltardəyişmə otağına getdilər.
Yalnız bundan 1-2 dəqiqə sonra işıqlar söndü. Ən pis odur ki, biz bunu bilərəkdən, rəqibin sevincinə mane olmaq məqsədi ilə etsəydik, öz adımıza çox təəssüfləndirici hal hesab olunardı.
Çünki Samir Abasov CBC Sport"a açıqlama verdiyi anda işıqlar söndü. Ən azından buna görə heç cür o addımı atmazdıq. Əslində öz baş məşqçimizə qarşı böyük ayıb oldu.
Amma sırf texniki nasazlıq üzündən belə durum yaşandı. Təbii ki, məqsəd kiminsə sevincinə mane olmaq və ya hər hansı başqa niyyət deyildi.
Hətta arenada olan həmkarlar da bunu təsdiq edə bilərlər. Müəyyən vaxt arenanın inzibati binasında olan kondisonerlər də işləmədi.
Amma fasilədə hər biri işlək vəziyyətə olmuşdu. Ümumi sistemdə problem yaranmışdı.
Sadəcə uğursuz anda oldu. Məsələn, 10 dəqiqə sonra bunlar baş versəydi belə hay-küy olmayacaqdı.
Ciddi nəsə yoxdur. Niyə bu qədər şişdi, böyüdü? Düşünürəm ki, Samir müəllim müsahibə verdiyi anda işıqlar söndü deyə məsələ bu qədər şişdi".
XANOĞLAN / SPORTİNFO.AZ