Samir Abasova iki sözüm var

3 Sentyabr 2023 23:40 Sumqayıt 2 235
Samir Abasova iki sözüm var

Beşinci tur bitdi, Premyer Liqada məğlubiyyətdən qaça bilən qalmadı.

«Sumqayıt»ın doğma divarlar arasında «Neftçi»yə yenilməsi ilə.

Buna layiq idilərmi? Düzü, o fikirdə deyiləm.

Tablodakı rəqəmlər «Sumqayıt»ın meydandakı mübarizəsini əks etdirmir. Əla oynamadılar, amma pis də oynamadılar.

Ən azından 1 xala layiq idilər. O xalı əldə etməyə «Neftçi» mane olmadı, tələskənlik mane oldu.

Girdikləri epizodlarda azacıq səbrli tərpənsəydilər, qol da gələcəkdi, qollar da.

Samir Abasova iki söz deyim, yəqin ki, məndən inciməz. Hər halda ağıl ağıldan üstündür, məsləhətli don da geniş olar.

Əvvəla, qoy, taşırıq versin ki, orta sahədə topun sürətli hərəkətini təmin etsinlər, fərdi oyundan əl çəksinlər.

Digər sözüm birbaşa elə Abasovun özünədir. Beş dəqiqə ərzində 4 əvəzetməyə heç bir gərək yox idi.

Rövlan Muradovla Kamran Əliyev ən fəallardan idi, onların yerinə daxil olanlar o faydanı vermədi, əvəzində «Neftçi» iki ötürməylə müdafiədən əks-hücuma çıxdı, qolunu vurdu.

«Sumqayıt»ın ehtiyat skamyası genişdir. Rəhbərlik baş məşqçiyə hər həftə bir legioner alır.

Abasovun seçimi çoxdur, oyunu «oxumaq»da isə gah tələsir, gah gecikir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti