“Betis”in təklifini rədd etdi, “Sportinfo”ya qonaq oldu, görün, nələrin üstünü açdı!

3 Sentyabr 2023 11:05 Sumqayıt 1 378
“Betis”in təklifini rədd etdi, “Sportinfo”ya qonaq oldu, görün, nələrin üstünü açdı!

Bu mövsüm “Sumqayıt”a xeyir verəcək legionerlərdən biri Oktavio Merlo Mantekadır.

Dekabrda 30 yaşını tamamlayacaq yarımmüdafiəçi kifayət qədər zəngin karyeraya sahibdir.

“Botafoqo” ilə Seria B-nin qalibi olub, bu komandanın heyətində Seriya A-da çıxış edib, 21 yaşında “Fiorentina”ya icarəyə verilib, Belçika “Beerşot”unda oynayıb, son 4 ili Bolqarıstanın yüksək liqasında keçirib.

Oktavio ilə söhbətləşdik. Azərbaycanda gördüklərindən söz açdı, keçmişi ilə bağlı sualları cavablandırdı.

- Qələbəni əldən verdiniz, yoxsa məğlubiyyətdən xilas oldunuz?

- Bu rəqibin bizimlə oyuna qədərki matçlarına baxmışdıq. Xüsusən də “Qarabağ”la qarşılaşmada çox yaxşı təsir bağışlamışdılar, son dəqiqələrdə qapılarında top görmüşdülər. Bilirdik ki, asan olmayacaq. Buna baxmayaraq, ilk dəqiqələrdən təzyiq etməyə başladıq, təhlükəli imkanlarımız oldu. Qələbə qazanmaq üçün qol vurduq, əlimizdən gələni etdik, ancaq 3 xal hədəfimizə çata bilmədik. Əslində, heç-heçənin özü də yaxşı nəticədir. 3 oyunun hamısını səfərdə keçirmişik və məğlub olmamışıq.

- Oyunun ilk 30 dəqiqəsini sizin, yerdə qalan 60 dəqiqəsini “Araz-Naxçıvan”ın aktivinə yazmaq olar. Nə baş verdi?

- Rəqib təzyiqi artırırsa, deməli, haradasa boşluqlara yol vermişik. Səhvləri müəyyən etmək üçünsə oyunun videoyazısına baxmalı, təhlil etməliyik. “Qəbələ”yə qarşı da belə olmuşdu. Hesabda 2:0 önə keçəndən sonra geri çəkilmişdik, nəticədə rəqib fərqlənmişdi, bir neçə yaxşı imkan qazanmışdı. Bu gün də oxşar hadisə yaşandı. Hesabı açandan sonra sanki təmkinli olmağı bacarmırıq. Bunun üzərində işləməliyik.

- Azərbaycanda, Sumqayıtda özünü necə hiss edirsən?

- Hər şey yaxşıdır. Əsas odur ailəm və oğlum yanımdadır. Ailəm ilə dincəlmək üçün gəzməli yerlər, rahat restoranlar var.

- Braziliyada, İtaliyada, Belçikada yaşayandan sonra buradakı mühitə alışmaq çətinlik yaratmır ki?

- Əlbəttə, İtaliya və Belçika kimi ölkələrlə Azərbaycan arasında böyük fərq var. Ümumilikdə buranı sevirəm, bəyənirəm. Ən pis cəhət odur ki, hər kəs ingilis dilində danışmır. Bəzən anlaşmaqla bağlı çətinlik yaşayıram. Amma yenə də olsun, internetdəki tərcümə proqramları köməyimizə çatır.

- Bir neçə il əvvəl Braziliyanın yüksək dəstəsində oynayırdın, “Fiorentina”nın sıralarındaydın, “Beerşot”un formasını geyinirdin, indi isə “Sumqayıt”dasan. Karyerandakı enişin səbəbini qısaca nə ilə izah edə bilərsən?

- Mənə ən böyük zərbəni ilk olaraq zədələr vurdu, sonra isə özüm. 20 yaşımda “Botafoqo” ilə Seria A-da oynayandan sonra “Fiorentina”ya 1 illik icarəyə verilmişdim. O vaxt baş məşqçi Viçentso Montella idi. İkili söhbətdə mənə dedi ki, heyət genişdir, təcrübəli futbolçular var və biz İtaliya liqasında, eləcə də Çempionlar Liqasında qalib olmaq üçün mübarizə aparırıq. Bir müddət gözləməliydim və gözləyirdim də. Lakin günlərin birində dizimdən ağır zədə aldım və əməliyyat olundum. Və beləcə 1 illik icarə sözləşməsi başa çatdı. Həmin vaxt La Liqada mübarizə aparan “Real Betis”dən təklif almışdım.

- Amma yenidən “Botafoqo”ya qayıtdın.

- Bəli. Çünki, ispanlar mənə 1 illik müqavilə təklif edirdi. “Botafoqo” isə başa çatan anlaşmanın müddətini 2,5 illik yeniləməkdə maraqlıydı. Çətin günlər geridə qaldı, zədəm sağaldı və çox böyük səhvə yol verdim deyə, “Botafoqo”dan ayrıldım.

- Nə etdin?

- Azarkeşlərlə dalaşdım. Bu hadisə həm özümə, həm də karyerama ciddi zərbə vurdu. Qısa müddət Braziliya klubları - “Tupi” və “Volta Redonda”da çıxış edəndən sonra Belçika “Beerşot”u ilə anlaşdım, ardınca Bolqarıstana getdim və 4 il bu ölkədə çıxış etdim.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti