
Cari mövsümə fırtına kimi başlayan “Sumqayıt” 3 oyundan sonra aktivinə 7 xal yazmağı bacarıb.
Ötən çempionatla müqayisədə Samir Abasovun seçim imkanı genişdir. Baş məşqçi bəyəndiyi futbolçuların keçidinə nail olmaqla rotasiya imkanı qazanıb.
Komandanın əsas futbolçularından biri, kapitan Vüqar Mustafayevin ehtiyatda qalması da Abasovun seçimlərindən biridir.
Açılış turunda “Səbail”lə matçda “11-lik”də yer alan və sona qədər mübarizə aparan 29 yaşlı yarımmüdafiəçi “Qəbələ” və “Araz-Naxçıvan”la oyunlarda meydana sonradan daxil olub.
Halbuki, Vüqar 2019-cu ildən şərəfini qoruduğu komandada bütün baş məşqçilərin dövründə əsas heyətin əvəzolunmaz üzvü kimi fərqlənib.
Bəs, indi nə baş verir? Yeni transferlərin əksəri “11-lik”də yer aldığı halda, təcrübəli futbolçu niyə ehtiyatda qalır?
Səbəbkar Sportinfo.az-a açıqlamasında məlum mövzuyla bağlı danışarkən nümunəvi davranışla diqqət çəkib:
“Özümü əsas heyətdə oynamağa hazır görürəm. Sadəcə, bu, baş məşqçinin qərarıdır deyə, hörmətlə yanaşmalıyam.
Nəinki mən, hər bir futbolçu qərara hörmət etməlidir.
Bu gün mən ehtiyatda qalıram, başqası şans qazanır. Sabah mən oynayaram, digər futbolçu ehtiyatda oturar.
əni, bunu problemə çevirmirəm. Nə vaxt meydana çıxsam, əynimdəki forma üçün mübarizə aparmağa hazıram”.
Vüqar Mustafayev cari mövsümdə 3 oyunda 144 dəqiqə şans qazanıb.
HƏBİB