“Belə hal karyeramda ilk dəfə yaşanırdı” – “Sumqayıt“ın yeni “uğur çubuğu”

25 Avqust 2023 11:40 Sumqayıt 1 142
“Belə hal karyeramda ilk dəfə yaşanırdı” – “Sumqayıt“ın yeni “uğur çubuğu”

Premyer Liqaya istəkli start verən “Sumqayıt” cari mövsümdə növbəti qələbəsinə sevindi.

Açılış turunda “Səbail”i 4:1 hesabı ilə darmadağın edən “kimyaçılar” “Sabah”la oyun təxirə salındığına görə istirahətdən etdikdən sonra bu dəfə səfərdə “Qəbələ”ni yendi - 2:1.

Bu oyun sumqayıtlıların yeni transferi Rövlan Muradov üçün xüsusi əhəmiyyət daşıyırdı. “7 nömrə” akademiyasında yetişdiyi, uzun illər heyətində Premyer Liqada çıxış etdiyi “Qəbələ”yə qarşı mübarizə aparmalıydı.

“Sumqayıt” bu qarşılaşmada meydan sahiblərini məğlub etdi ki, Rövlan ilk qolda ötürmə müəllifi kimi yadda qaldı. Lakin qolu xüsusi sevinclə bayram etmədi. Əksinə, sakit qarşıladı.

Muradov saytımıza açıqlamasında oyunboyu keçirdiyi hislərdən danışıb:

“Həmin hisləri sözlə ifadə etmək mümkün deyil. Həyəcanlı və sözlə ifadə edilməsi mümkünsüz hislər idi.

Belə hal karyeramda ilk dəfə yaşanrdı.Futbolçu kimi “Qəbələ”də yetişmişəm, bu klubda tanınmışam.

Uzun illər formasını geyindiyim komandaya qarşı bu dəfə rəqib qismində çıxış etmək asan deyildi. Amma peşəkar futbolçu olaraq oyuna psixoloji cəhətdən hazır idim.

“Qəbələ”ni tərk etsəm də, orada hamı ilə yaxşı münasibətim var. Ona görə də həm azarkeşlərdən, həm də keçmiş futbolçu yoldaşlarımdan özümə qarşı isti münasibət gördüm.

Buna görə oyundan sonra onlara təşəkkürümü bildirdim. Fürsətdən istifadə edib “Qəbələ” azarkeşlərinə bir daha “çox sağ ol” deyirəm”.

Rövlan Muradov “Sumqayıt”ın heyətində cari mövsümdə meydana çıxdığı 2 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti