
"Sumqayıt" yeni mövsümə əla start verib.
Samir Abasovun yetirmələri birinci tur "Səbail" səfərindən darmadağınla (4:1) qayıtmışdısa, 3-cü turda "Qəbələ"ə səfərində minimal üstünlüklə (2:1) 3 xalı aktivinə yaza bildi.
Qarşılaşmanın birinci hissəsi sanki Bayıldakı matçın davamı idi.
"Kimyaçılar" meydanda çox rahatlıqla istədiyini edirdi. Rəqibin hücumların anındaca boğan Abasovun yetirmələri istədiyi hücumları qurmaqda elə də çətinlik yaşamırdı.
İlk 30 dəqiqədə vurulan 2 qol da oyunun məntiqi axarına uyğun idi. Hətta fasiləyə kimi fərqi artırmaq imkanları da yox deyildi. Düşünmək olardı ki, qonaqlar asanlıqla Qəbələdən 3 xalla ayrılacaq.
Lakin ikinci 45 dəqiqə gözlənilənlərin əksinə şahidlik etdik. Fasilədən az sonra Osama Xalayla fərqi minimuma endirdi. Davamında isə "qırmızı qaralar"ın dalğa-dalğa hücumları müşahidə olunmağa başladı. Gah Mehdi yaxşı oynadı, gah İsa boş qapıdan topu çıxardı, gah da dirək və Baxşıyevin yetirmələrinin qeyri-dəqiqliyi qola mane oldu. Əks halda 2:0-lıq üstünlük məğlubiyyətlə belə əvəz oluna bilərdi. Ümumiyyətlə, "Sumqayıt"lı futbolçular başını itirmişdi. Yalnız topu ora-bura vurmağa macal tapırdılar.
Bəlkə də başverənləri "Sumqayıt"lı futbolçuların arxayınlaşması ilə bağlamaq olardı. Amma matçdan sonra təcrübəli mütəxəssis mövzu ətrafında verdiyim suala səmimi olaraq "Xeyr, bu, rəqibin təzyiqinin nəticəsi idi" - deməsi ilə yadda qaldı.
Bir sözlə, ardıcıl qələbələrə rəğmən ciddi boşluqlar yarandığını Samir müəllim də etiraf etmiş oldu.
Deməli, əvvəlki 3 hissəyə arxayınlaşmaq yox, Qəbələdəki ikinci yarıya baxıb dərs çıxarmaq daha faydalı olar. Çünki qarşıdan daha güclü kollektivlərlə oyunlar gəlir. Onda təzyiq daha böyük olacaq. Tədbir görülməsə, məğlubiyyətlər də qaçılmaz olacaq. Məncə, indi qələbəyə sevinməkdən çox, səhvlər barədə düşünmək daha faydalı olar.
XANOĞLAN İMANOV