
"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Premyer Liqanın 3-cü turunda "Qəbələ"ni məğlub etdikləri (2:1) matç haqda Sportinfo.az-a müsahibə verib:
- Oyunla bağlı nələr deyə bilərsən?
- Qəbələdə hər dəfə oyunlar çətin keçir. Avqust ayıdır, nəfəs almaq çətindir. Bütün komandalar burda əziyyət çəkir. Şükürlər olsun ki, qələbə qazandıq. Düzdü, oyun biz tərəfdən yaxşı olmadı. Mövsümün əvvəlidir, zamanla daha yaxşı oynayıb qələbələr qazanmaq istəyirik.
- Fərqli mövqedə oynamağın çətinlik yaratmır?
- Peşəkər futbolçu olaraq hər mövqedə oynamağa çalışırıq. Baş məşqçi harda oynadırsa, orada maksimumun göstərməyə çalışırıq.
- Özün oyunundan razı qaldın?
- Bunu baş məşqçi deyə bilər. Mən maksimum çalışıram ki, üzərimə düşəni edim, özümü yaxşı tərəfdən göstərim.
- Yenilənmiş "Sumqayıt"ın startdakı iki qələbəsi ictimaiyyət üçün surpriz oldu. Bəs özünüz üçün necə?
- Bizim üçün surpriz deyil. Bilirdik ki, ötən mövsüm pis oynamışıq. Yeni sezona yaxşı hazırlaşmışdıq. Amma hələ tam formamız deyil. Mövsümün əvvəli olduğu üçün bu da tam normaldı. İnşallah, daha yaxşı oyunla, daha yaxşı pillələrdə çempionatı başa vurmaq istəyirik.
- "Sabah"la oyunun təxirə salınmağın necə qarşıladınız?
- Bizim üçün fərqi olmadı. Düzdü, oynasaq daha yaxşı olardı.
- Məsələn, nələr yaxşı olardı?
- Nə qədər çox oynasaq o qədər tez formaya düşərdik. Ev oyunu idi. Azarkeşlərin önündə meydana çıxmaq istəyirdik. Amma "Sabah" Avropada bizi təmsil edir. Klub razılıq vermişdi. Bu da normal haldı.
- Aşağı liqa təmsilçisi MOİK-lə yoxlama oyunu keçirməklə boşluğu aradan qaldırmaq nə dərəcədə mümkün oldu?
- Xeyirimizə oldu. Hər nə qədər "Sabah" gücdə rəqib olmasa belə faydalı olduğunu düşünürəm. Məşqdənsə oyun daha yaxşıdır.
XANOĞLAN İMANOV