“Komandanı gücləndirmək üçün əlimizdən gələni edirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın prezidenti Riad Rəfiyev deyib.
“Kimyaçılar”ın birinci şəxsi yay transfer çalışmaları barədə son yenilikləri bizimlə bölüşüb. O, baş məşqçi Samir Abasovla birlikdə bu istiqamətdə addımlar atdıqlarını bildirib:
“Mövsüm başa çatan kimi, 10-a yaxın futbolçu ilə yollarımız ayrıldı. Yerli bazardan bir neçə nəfəri götürdük.
İndi isə ən azı 5-6 legioner gətirməyi planlaşdırırıq. Maraq dairəmizdə olanlarla danışıqlar son mərhələdədir.
Transfer siyahımızda yer alan legionerlərin arasında öz ölkəsinin millisinin formasını geyinənlər də var.
Yaxın günlərdə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Türkiyədə keçirəcəyimiz toplanışa tam heyətlə yollanmaq istəyirik.
Ümumiyyətlə, indiyə kimi 30-a yaxın legioneri nəzərdən keçirmişik. Baş məşqçimiz kimləri bəyənirsə, onları da Azərbaycana gətiririk.
Elə legionerlər var ki, onları daha tez transfer etmək istəyirdik. Bizə “gözləyin” deyənlər də oldu.
Əsas odur ki, nəzərdə tutduğumuz futbolçularla anlaşmağa yaxınıq”.

