“Şərtlərdə ortaq məxrəcə gələ bilmədik” - Sürpriz ayrılığın SƏBƏBİ

8 İyun 2023 20:00 Sumqayıt 966
“Şərtlərdə ortaq məxrəcə gələ bilmədik” - Sürpriz ayrılığın SƏBƏBİ

Mövsüm bitən kimi “Sumqayıt”da məşqçi ayrılığı yaşandı.

2018-ci ildən “kimyaçılar”ın sıralarında olan, bu müddətdə Nazim Süleymanov, Ayxan Abbasov, Aleksey Baqa və Samir Abasovla çalışan ölkənin ən istedadlı qapıçı məşqçilərindən biri ilə gözlənilmədən yollar ayrıldı.

Vaxtilə Azərbaycanın U-15 və U-17 millilərində çalışan, Rusiya nəhənglərindən olan ÇSKA-nın akademiyasında işləyən, Premyer Liqada zəngin iş təcrübəsinə malik olan, məşqçilər üçün ən ali kateqroiya sayılan A lisenziyasına malik Emil Babayevin “Sumqayıt”dan getməsi sual doğurmaya bilməzdi.

Babayevin ən böyük üstünlüyü istənilən xasiyyətdə və istənilən oyun üslubuna güvənən məşqçi ilə işləmək bacarığıdır ki, 5 ildə 4 fərqli mütəxəssislə çalışması bunun sübutudur.

Məşqçilik bacarığının hansı səviyyədə olduğunu bilmək üçünsə son illərdə Mehdi Cənnətovla Aydın Bayramovun Azərbaycan millisinə qədər yüksəlməsinə nəzər salmaq kifayətdir.

“Sumqayıt”ın Premyer Liqada 19 yaşlı İlnur Vəliyevə güvənməsi, 16 yaşlı Murad Ağamalıyevin əsas komandanın məşqlərinə qatılması da Babayevin əməyidir.

Belədirsə, təcrübəli məşqçinin “Sumqayıt”dan ayrılmasına səbəb nə olub? Olmaya başqa klubdan daha sərfəli təklif alıb?

Emil Babayev bu barədə danışmaq istəməsə də, qısa olaraq bunları dedi:

“Sumqayıt”da çalışdığım 5 ildə bacardığımın ən yaxşısını etməyə çalışmışam. İndiyə qədər heç kimlə aramda narazılıq olmayıb.

Müqaviləmin müddəti başa çatdı, yeni anlaşma şərtlərində ortaq məxrəcə gələ bilmədik.

Detallara varmaq istəmirəm, qısaca onu deyə bilərəm ki, şərtlərdə razılaşa bilmədik. Gedişim sırf bununla bağlıdır. Başqa səbəb yoxdur.

“Sumqayıt”a və Samir Abasova növbəti mövsümdə uğurlar arzulayıram”.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!