
Karyerası büsbütün Rusiyaya bağlı olan Kamran Əliyev 7-7 aydır «Sumqayıt»dadır.
Hə, deyəsən, hələ də Samir Abasovu tanımayıb.
«Qəbələ» ilə oyunda əvəzlənməsinə etirazını əl-qol jestləri və dili ilə ifadə edən Əliyevin baş məşqçinin xasiyyətinə bələd olmamasına, açığı, təəccübəndim.
Görünür, onu irəlidə nələr gözlədiyini bilmədiyi üçün narazılığına sərhəd qoymadı.
Bu, yaxşı hal deyil. Abasov Əliyevi cəzalandıracaq. O, hücumçusunu meydandan almaqla düz eləyib, yanlış eləyib, başqa söhbətdir.
Əsas nizam-intizamdır, baş məşqçinin qərarlarına hörmətlə yanaşmaqdır, Kamran da bu prinsiplərin heç birinə əhəmiyyət vermədi.
Məlum epizodu kitabın bir səhifəsi kimi qatlayıb rəfə qoysaq, nəticələrin «Sumqayıt»ın üzünü güldürməsini önə çəkməliyik.
İki oyuna eyni sayda qələbənin yaratdığı əla ab-havanı, mehribanlığı Kamranın son hərəkəti pozmasa, yaxşıdır.
Kaş olmazdı! Samir Abasov «Sumqayıt»da qaş düzəldir, Kamranın hərəkəti vurub o gözü də çıxarmasın.
Samir Abasov Aleksey Baqa deyil ki, futbolçu, ya kimsə durub başında qoz sındırsın.
İdarəçilərin məsələyə qarışması labüddür. Bu kimi olayların təkrarlanmaması üçün.
MUSA