“Bizə 1 xal lazımdır” – İşi çətinə düşən komandanın müdafiəçisi

20 May 2023 20:40 Sumqayıt 737
“Bizə 1 xal lazımdır” – İşi çətinə düşən komandanın müdafiəçisi

Premyer Liqada qalmaq uğrunda əsas mübarizə “Səbail”lə “Şamaxı” arasında getsə də, “Sumqayıt”ın durumu da ürəkaçan deyil.

Son 2 oyunda “Səbail”lə “Sabah”dan 7 top buraxıb, rəqib qapısına cəmi 1 dəfə yol tapan “kimyaçılar” işini çətinə salıb.

Sonuncu pillədə yer alan “Şamaxı”nın 24, sonuncudan əvvəlki sıradan qərarlaşan “Səbail”in 25, 8-ci sıradakı “Sumqayıt”ın 28 xalı var.

İş burasındadır ki, “Sumqayıt”ı qarşıda 2 ağır oyun gözləyir. Biri faktiki çempion “Qarabağ”a, digəri avrokuboklara iddia edən “Zirə”yə qarşı.

Samir Abasovun yetirmələri bu görüşlərdən məğlubiyyətlə ayrılsa, “Səbail”lə “Şamaxı” növbəti oyunlarda qələbə qazansa, sumqayıtlıların işi əməlli-başlı çətinə düşəcək.

Komandanın aparıcı futbolçularından olan Elvin Bədəlov Sportinfo.az-a açıqlamasında 1 xal üçün mübarizə aparacaqlarını gizlətməyib:

“Son 2 oyunda uğursuz çıxış etdiyimizin fərqindəyik. Bizə Premyer Liqada qalmaq üçün cəmi 1 xal lazımdır. Təəssüf ki son 2 görüşdə bunu bacarmadıq.

Əsas məqsədimiz qarşıdakı oyunlar üçün də dəyişməz qalır - 1 xal qazanıb çempionatdakı yerimizi qorumaq. Bizi qarşıda 2 ağır matç gözləyir.

Çempionla səfərdə və avrokuboklar üçün sona qədər mübarizə aparan “Zirə”ylə evdə. Gücümüzə inanırıq və məsuliyyətimizi də dərk edirik.

Toparlanıb bu 2 oyundan xal çıxarmaq üçün var gücümüzlə mübarizə aparacağıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti