Uduzmusansa, söyməlisən?

19 May 2023 13:00 Sumqayıt 690
Uduzmusansa, söyməlisən?

"Sabah" cari mövsüm Premyer Liqada "Sumqayıt"ı dördüncü dəfə məğlub etməyi bacardı.

Özü də masazırlılar son qələbəni heç bir motivasiyası olmadan əldə etdi - 4:0.

Bu matç turnir cədvəli baxımından "Sabah" üçün heç bir əhəmiyyət kəsb etməsə də, "gənclik şəhəri" təmsilçisi Sumqayıtdakı qarşılaşmadan ən azı heç-heçə ilə ayrılmaqla yüksək liqada yerini təmin edə bilərdi.

Lakin bacarmadılar. Ancaq bu məsələnin başqa tərəfidir. Bizim üçün maraqlı olan komandası "Sabah" önündə növbəti dəfə aciz qalan Samir Abasovun oyun zamanı sərgilədiyi reaksiyadır.

Belə ki, o, görüşün gedişində qonaq komandanın yarımmüdafiəçisi Aleksey Kaşukla polemikaya girdi. Hadisə yerinə yaxın olan şəxslər "Sumqayıt"ın baş məşqçisinin ukraynalı vingerə qarşı nalayiq ifadələrdən istifadə etdiyini bildirir.

Çox üzücüdür. Əlbəttə, komandası ümumi hesabda 0:17 uduzan məşqçinin aqressiv olması, bunu həzm edə bilməməsi normal haldır.

Lakin bunu rəqib futbolçunun ünvanına qeyri-etik ifadə ilə göstərməyə heç kimin haqqı yoxdur.

Biz həmişə xaricdən ölkəmizə gəlmiş şəxslərdən (futbolçu və ya məşqçi olmasından asılı olmayaraq) həmişə milli mentalitetimizə hörmətlə yanaşmağı tələb etmişik.

Odur ki, ilk növbədə yerli futbolçu və əsasən də məşqçilər buna uyğun davranmalıdır. İndi ukraynalı Kaşukda və digər əcnəbi futbolçularda Abasovun bu hərəkəti hansı təəssüratı oyadacaq?

Sabah hansısa əcnəbi oxşar hərəkəti etsə, kim onu inandıra biləcək ki, bəs bu bizim mentalitetimizə uyğun deyil? Həmin əcnəbi ilk növbədə Abasovun etdiyi hərəkəti misal göstərməzmi?

Nəticə qazana bilmirsizsə, heç olmasa, davranışınızla örnək olun. Rəqib futbolçunu təhqir etmək turnir cədvəlində sizə xallar qazandırmayacaq. Bu kimi hallar üzücüdür və bir Allah bəndəsinə başucalığı gətirmir.

Diqqətli olmaq, əsəbləri cilovlamaq lazımdır.

Son iki turda 3 xal əldə etmək kifayətdir ki, "Sumqayıt" liqada yerini qorusun. Turnir cədvəlində "Səbail"lə "Şamaxı"nı qabaqlayan "kimyaçılar" gərək panikaya düşməsin, səbr göstərsin.

Samir Abasov bu qızıl qaydaya başdansovdu yanaşandan sonra hansı əsasla futbolçularından nəticə tələb edə bilər?

Axı klub rəhbərliyi onu bura bunun üçün gətirməyib. Yüksək əməkhaqqı təyin eləyiblər, hər cür şərait yaradıblar ki, komandanı vəziyyətdən çıxarsın.

Təəssüf, Abasov işinə yox, dilinə güc verməkdədir yenə…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti