Samir Abasovun kürəyinə xəncər saplayanlar - BƏLA

8 May 2023 14:40 Sumqayıt 1 824
Samir Abasovun kürəyinə xəncər saplayanlar - BƏLA

«Bu cür oyunla Premyer Liqada qalmaq mümkündürmü? Ətrafımızda olan komandalar bizə baxanda dəhşət oynayır?

Yox. Aşağı-yuxarı eynidir.

Bir həftə biz yaxşı oynaya bilərik, o biri həftə digər komandalar. Ona görə də haqlı olaraq bu yerdəyik.

Futbolçular olaraq, biz oyunu başa düşmədik ki, bu cür oyunlarda nə etmək lazımdır. Tələsməmək, təlaşa düşməmək lazımdır.

Fasilədə futbolçulara bildirdim ki, tələsməmək top birinin ayağındadırsa, ona durub baxmalı olmağımız deyil.

Buna görə də bir şey etmək lazımdır. Oyunun içində bunu anlaya bilmədik. İkinci hissəyə başlayanda, oyun o qədər rahat gedirdi ki…

Rəqibin də təzyiqi yox idi. Özümüz qolu hədiyyə verdik. Həm də ümumi oyunu "Səbail"ə hədiyyə verdik. Görək də, o biri oyunlar necə olacaq».

Mövsümün əvvəli və ya ortası olsaydı, Samir Abasov bu cür danışmazdı. O, bu gün daxilən partlayır, dişi bağırsağını kəsir.

Mövsümün yekununa sayılı həftələr qaldığından, həmişəki leksikonundan imtina etmək məcburiyyəti hiss edir.

Deyəcəyi hər hansı başqa sözün, fikrin odun üstünə benzin tökməsindən ehtiyatlanır.

Samir Abasovun düşdüyü vəziyyəti heç düşmənimə də arzu etmərəm. Həyacan adamı boğar.

Yıxılıb elə orada da qalar. «Qəbələ» ilə keçəndəfəki oyun elə, «Səbail»lə dünənki oyun da belə.

Sadəcə, dəhşətdir! «Sumqayıt» hər iki qarşılaşmada üstün təsir bağışlayır, baxımlı futbol sərgiləyir, hesabı açır və… birdən-birə hər şey bir göz qırpımında 180 dərəcə dəyişir.

Samir Abasova pis gələn həmçinin odur ki, belə vacib oyunlarda səhvi təcrübəli futbolçular edir. Vurğun Hüseynov 10 ildir «Sumqayıt»ın formasını geyinir, 10 yaşlı uşağın etməyəcəyi səhvə yol verir.

Başındakı tüklərin sayından da çox Premyer Liqada oyun keçirmiş bir müdafiəçinin, özü də kapitanın qələbəni məğlubiyyətə çevirən yanlışını kimə göstərsən, başını tutub qaçar.

Onu və Aydın Bayramovu tanımasaydım, iddia edərdim ki, qoşalaşıb komandalarının yenilgisinə «stavka» atıblar.

Mən bunu demirəm. Və elə olmasına da inanmıram.

Mən onu deyirəm ki, Samir Abasov «Sumqayıt»a kürəyindən xəncər saplayan isimlərlə məsələni tez-tələsik çürütməlidir.

I Diviziona enərlərsə, «Neftçi»də qazandığı «çempion məşqçi» titulunu zibil yeşiyinə atmalı olacaq yoxsa.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti