AFFA, Vüsalı başa sal!

7 May 2023 18:35 Sumqayıt 967
AFFA, Vüsalı başa sal!

“Kəpəz” Premyer Liqanın 32-ci turunda “Sumqayıt”la oyunda azarkeşlərin meydana yad əşya atması və kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsinə görə AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnib.

“Sarı-qaralar”a İntizam Məcəlləsinin iki maddəsinə əsasən ümumilikdə 5600 manat pul cəriməsi kəsilib.

Ötən həftənin şənbə günü Qəbələdəki oyunu canlı izlədiyimdən, hadisədən xəbərdaram və “Kəpəz”in “soyulacağına” zərrə qədər də şübhə etmirdim.

Bəli, Gəncədən gələn və mərkəzi sektorda yer alan bir qrup azarkeş 90 dəqiqə boyunca susmaq bilmədən gah hakimlərin, gah da rəqib futbolçuların ünvanına artıq ifadələr işlətmişdi. Hətta iş o yerə çatmışdı ki, qonaqların mühafizə xidmətinin əməkdaşları gəncəliləri söyüşdən uzaqlaşdırmağı özünə borc bilmişdi.

Oyun başa çatandan sonra tribunadan atılan plastik su qabı Samir Abasovun köməkçisi Mübariz Orucovun qoluna yox, ünvanlanan yerə - Vüsal İsgəndərlinin başına dəysəydi, futbolçu indi Allah bilir hardaydı. Jurnalistlərin gözləri qarşısında baş verən ağrılı mənzərə idi.

“Kəpəz” təhlükəsizlik tədbirlərinə əməl etmədiyi üçün cəzalanıb, bu, öz yerində.

Bəs, azarkeşi o həddə çatdıran və su qabından daha ağır zərbəni haqq edən Vüsal İsgəndərli niyə cəza və cəriməsiz qalıb?

Özünü Ronaldoya bənzədən bu cavan oğlan dünya ulduzunun davranış qaydalarından başqa hər şeyini mənimsəyib. Şortunu onun kimi yuxarı qaldırır, qol sevincini onun kimi qeyd edir, hətta yerişini də Kriştiano kimi atmağa çalışır. Bəs, futbolçu davranışı? Mədəniyyəti?

Adam səfər görüşləri zamanı tribunalarla “oynayır”. Tovuzda eynisini etmişdi, Gəncədə həmin şeyi təkrarlamışdı, bu dəfə Qəbələdə gəncəli azarkeşlərə əl jesti etdi, ara-sıra tribunalara gülüb, qıcıq verdi.

Türkiyədə 3-5 ay futbol oynamaqla özünü böyük futbolçu sayan Ronaldonun pərəstişkarı heç bir halda azarkeşlərlə polemikaya girməli deyil. Onları qıcıqlandırmaq, fanatlara əl jestləri etmək və bu qəbildən digər hərəkətlər də qadağandır.

Azarkeş səni ağır formada təhqir etməyənə qədər haqlıdır. Adını çəkər, məzələnər, yeri gələndə fitə basar. Amma sən ona cavab verməməlisən. Buna haqqın çatmır çünki.

Vüsal bunları dərk edəcək qədər böyüyüb, ya yox – deyə bilmərəm. Oyundan sonra verdiyi açıqlamada hərəkətinə görə peşmanlıq hissi keçirməsinin öz içindən keçən hiss olduğuna da açığı şübhə ilə yanaşıram.

“Kəpəz” məhz Vüsal İsgəndərliyə görə cərimələnib. Bəs, az qala hər matçda azarkeşlərin əsəblərinə işləyən Vüsalı kim cərimələyəcək?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti