
“Premyer Liqa olduqca gərgin və maraqlı keçir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın hücumnçusu Kərim Abubakar deyib.
"Gənclik şəhəri" təmsilçisi son olaraq İsrail "Bney Yehuda"sında çıxış edən qanalı ilə 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.
28 yaşlı forvard karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın "Leqanes", "Alkorkon", "Valdivia", "Don Benito", "Algesiras", "Yeklano Deportivo" və İsrailin "Hapoel Akre" klublarının uğurları üçün çalışıb.
O, çempionatın səviyyəsi haqda düşüncələrini bölüşüb:
“Burada oynamaq heç də asan deyil. Komandaların heyətində kifayət qədər səviyyəli futbolçular var.
Rəqiblər ağıllı futbol nümayiş etdirir. İspaniyada çıxış etdiyim dönəmdə daha çox texnikalı futbol sərgiləyən komandalarda oynamışam.
“Sumqayıt”da isə bir çox hallarda əks-hücum taktikasından yararlanırıq. Ona görə də oyun planında müəyyən fərqlilik var.
Amma mənim üçün problem deyil. İstənilən oyun üslubuna alışa bilirəm. Yetər ki, komandama fayda verim”.