Azərbaycanda neçə belə baş məşqçi var?

24 Aprel 2023 14:40 Sumqayıt 1 316
Azərbaycanda neçə belə baş məşqçi var?

«Sumqayıt» həftəni 3 xalla qapatmaq üçün 63 dəqiqə hər şey etdi.

Dörd dəqiqə dözsəydilər, «Şamaxı» və «Səbail»lə aranı bir qədər də açacaqdılar.

«Qəbələ» ilə oyun məğlubiyyətlə bitdi. Amma mən buradan Samir Abasovu təbrik etmək istəyirəm. Etirafından dolayı.

O, nadir məşqçilərdəndir ki, uduzulan oyuna görə öz səhvini dilə gətirdi. Futbolçu əvəzləmələri ilə meydandakı mübarizəyə yanlış müdaxiləsini boynuna aldı.

«Döyüşü əsgər yox, zabit uduzur» - belə bir deyimi, yəqin ki, siz də eşitmisiz. Məğlubiyyətə görə generalı tribunala çəkirlər, sıravi hərbi qulluqcunu sorğu-suala almırlar.

Bu prizmadan çıxış etsək, məsuliyyət Samir Abasovun üzərindədir.

Biz əvvəl onu da görmüşük ki, komandası nə vaxt meydandan üzgün ayrılıb, Samir Abasov futbolçuları günahkar çıxarıb, onları medianın «önünə atıb».

Dünən belə eləmədi, özünü nişan verdi.

O, bir addım irəli getdi - bu etirafla. Doğrudan da, ağır bir gecə oldu.

Bu cür oyunları tez-tez izləmirik. Əsl Premyer Liqaya yaraşan bir qarşılaşmaya tamaşa etdik.

«Sumqayıt» hesabı 2:0-a çatıdırınca, arxayınlaşdı, qələbənin seyfdə olmasına inandı və meydandan qopdu.

Qətiyyən ağıllarının ucundan keçirməzdilər ki, hər şey bir anla dəyişə, nəticə onların əleyhinə çevrilə bilər.

Samir Abasovun futbolçularından üzr istəməsini gözləmirəm. Onu gözləyirəm ki, heç nə olmamış kimi yola davam etsinlər. Ab-hava cəhətdən sakitliyin təminatı yeganə çıxış yoludur.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti