Samir Abasov mövsümün əvvəlindən "Sumqayıt"da olsaydı...

25 Aprel 2023 17:00 Sumqayıt 564
Samir Abasov mövsümün əvvəlindən "Sumqayıt"da olsaydı...

"Sumqayıt" Premyer Liqada növbəti məğlubiyyətini "Qəbələ"dən aldı - 2:3.

Həm də layiq olmadığı.

İlk hissəsi hər iki tərəfin çox sayda top itkisi ilə yadda qalan oyun yekunda da matçın bərabərliklə bitəcəyinə bir siqnal idi.

Ən yaxşı halda "kim qol vursa, o da qalib gələcək" görüntüsü vardı.

Elə ikinci yarının əvvəli də ilk hissədən fərqlənmirdi.

Amma bərabər səviyyədə keçən qarşılaşmada birandaca meyda sahibləri ciddi üstünlük qazandı.

Öncə Vüsal İsgəndərli baxımlı qolla hesabı açdı. Bölgə klubu qolun şokundan ayılmamış Kərim Abubakar onları ikinci dəfə meydanın mərkəzinə dəvət etdi.

Bu arada qəribə mənzərə diqqətdən qaçmadı. Samir Abasovun Todor Todoroskini Sabuhi Abdullazadə ilə əvəzləyəndən 1 dəqiqə sonra hesab açıldı. Abubakar isə qolu vurub ehtiyat skamiyaya yollandı. Onu isə Rüfət Abdullazadə əvəzlədi. Bəlkə də təcrübəli mütəxəssis 5 dəqiqə səbr edib, 2:0-dan sonra əvəzetmələrə getsəydi hər şey tam başqa olardı. Görünür, mətbuat konfransında əvəzetmələrlə bağlı peşmançılığı da bundan irəli gəlirdi.

Hər şeyin yolunda getdiyi bir məqamda isə "Qəbələ"li futbolçular tam başqa performans göstərməyə başladılar. 70 dəqiqə sanki oyunu yola verən "qırmızı qaralar" bu dəqiqədən sonra meydanda qarşısıalınmaz idi. Nəticədə 3 qol vuran Elmar Baxşıyevin yetirmələri önəmli 3 xalı aktivinə yazdırmış oldu.

Əslində bunda şans da az rol oynamadı. Məsələn, 90-cı dəqiqədə Vüsal İsgəndərli xəsislik etməsəydi və ya 90+3-də top qapı dirəyindən qayıtmasaydı indi təbrikləri qəbul edən "kimyaçılar" olardı. Yuxarıda haqq etmədikləri məğlubiyyəti də buna görə yazmışdım. Məncə, dünən ədalətli nəticə bərabərlik olardı.

İstənilən halda məğlubiyyətə rəğmən Abasovun yetirmələri baxımlı oyunla yadda qaldı. Açıq-aşkar görünür ki, komanda hər keçən tur daha sanballı oyunla yadda qalır. Hətta məğlub olduqları matçlarda belə.

Əminliklə demək olar ki, Samir müəllim yaydan bu komandanın başında olsaydı, Premyer Liqada qalmaq vəzifəsi qışa qədər öz həllini tapmışdı. Hətta avrokuboklar üçün mübarizə belə apara bilərdilər. Hər halda, göstərdikləri performans və oyunlarındakı müsbət elementlər belə düşünməyə ciddi əsas verir.

XANOĞLAN İMANOV

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!