Şəhərin sevilən kapitanı ilə onun məmur atası - FOTO

3 Aprel 2023 16:40 Sumqayıt 1 319
Şəhərin sevilən kapitanı ilə onun məmur atası - FOTO

Cümə günü “Sumqayıt”ın heyətində meydana çıxan Vurğun Hüseynov üçün “Turan Tovuz”a qarşı oynamaq heç də asan deyildi.

Əslən Tovuzdan olan, futbolun sirlərinə məhz həmin stadionda yiyələnən, vaxtilə qərb təmsilçisinin kapitan sarğısını daşıyan 34 yaşlı müdafiəçi bu dəfə özünə doğma olan publikanın önündə rəqib qismində çıxmışdı.

Gərgin və maraqlı keçən 90 dəqiqənin yekununda Vurğunun kapitanı olduğu “Sumqayıt” meydan sahiblərini 3:2 hesabı ilə məğlub etməyi bacardı.

Görüş başa çatandan sonra, hər nə qədər qəribə görünsə də, qonaq Hüseynov tovuzluların təbrikini qəbul edirdi. Uşaqlıq dostlarının, qonşularının, qardaşının və şəkildə gördüyünüz Tofiq kişinin.

Tofiq Hüseynov Vurğunun atasıdır. Azərbaycan futbolunun stajlı azarkeşlərindəndir.

Tovuzdakı kəndlərin birində bələdiyyə sədri kimi çalışmasına baxmayaraq, yerli komandanın ev oyunları zamanı tribunadakı yerini tutur.

Cüssəli dayı bu dəfə şən görünürdü. Doğma komandandası uduzsa da, oğlunun oynadığı komanda qələbə qazanmışdı.

Öz aramızdır, övlad adama azarkeşlik etdiyi komandadan bir köynək yaxın olur axı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti