“Turan Tovuz” – “Sumqayıt” matçında vurduğu 2 qolla oyunun adamına çevrilən Kamran Əliyev suallarımızı cavablandırıb.
Yanvarda Rusiyadan - “Arsenal“dan (Tula) gəlmiş hücumçu tezliklə Azərbaycan pasportu alacağını bildirib.
- Tovuza ilk səfərin idi. Ab-hava necə idi? Səfər qələbəsini necə şərh edə bilərsən?
- Turnir cədvəli baxımından bizim üçün çox vacib və prinsipial oyun idi. Uşaqlar əla oynadı, son dəqiqəyə kimi mübarizə apardı və yekunda 3 xalı qazandıq. Stadiondakı atmosfer də yaxşı idi. Tovuz azarkeşləri də komandalarına son dəqiqəyə qədər dəstək verdilər.
- "Sumqayıt"da qol hesabını dublla açdın. Bunu gözləyirdin?
- Açığı, gözləyirdim. Çünki hər zaman daha yaxşı oynamaq və komandama bacardığım qədər kömək etmək üçün çalışıram.
- Qış toplanışında iştirak etmədiyini nəzərə alsaq, uyğunlaşma dövrünü tez keçdiyini deyə bilərik?
- Bu, mənim üçün yeganə problem bu idi. Çünki Rusiya klubundan gec ayrılmağıma görə "Sumqayıt"ın qış toplanışında iştirak edə bilməmişdim. Ardınca çempionat başladı. Artıq formamın 90 faizini yığdığımı düşünürəm.
- Əslən azərbaycanlı olsan da, "Sumqayıt"da legioner kimi oynayırsan. Azərbaycan pasportu almağına nə mane olur?
- Mənə heç nə mane olmur. Heç bir problem də yoxdur. Yaxın gələcəkdə Azərbaycan pasportu alacam.
- “Sumqayıt” çempionatda autsayder mövqeyindədir. Bu haqda nə düşünürsən?
- Autsayder olduğumuzu düşünmürəm. Sadəcə, bu cür alındı. Futbolçular yeni-yeni bir-birini tanıyır, əksəriyyət qışda komandaya qoşuldu. Həta baş məşqçimiz özü də mövsümün gedişində gəldi.
HƏBİB / SPORTİNFO.AZ

