“Bizi ağır səfər oyunu gözlədiyini bilirdik.
“Sabah” və “Qarabağ”la matçlardakı ağır yenilgilərdən sonra dönüş yaratmaq istəyirdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev komandasının “Turan Tovuz” üzərindəki qələbəsini şərh edərkən deyib.
Meydan sahibləri hesabda iki dəfə önə keçsə də, “kimyaçılar” geridönüş etməklə yekunda 3:2 hesablı qələbəyə sevinib.
Vüqar bu oyuna ciddi önəm verdiklərini və 3 xalı layiqli oyunla əldə etdiklərini bildirib:
“Üzərimizdə ağır yük var idi və o yükü atmalıydıq. Psixoloji durumu yaxşılaşdırmaq üçün Tovuzda 3 xal qazanmalıydıq. Şükürlər olsun ki, istəyimizə çatdıq. Oyun və nəticə bizi qane etdi”.
Vüqar meydanda ən yaxşılardan olsa da, oyunun sonlarına yaxın aldığı qırmızı vərəqə ilə komandasını pis vəziyyətdə qoydu.
Halbuki, baş hakim Rəşad Əhmədov ilk cəhddə Mustafayevə sarı vərəqə göstərmişdi. VAR-a baxandan sonra isə “sarı” qərarını “qırmızı”ya dəyişdi.
Hər nə qədər qəribə görünsə də, səbəbkar tünd rəngli vərəqənin layiqli cəza olduğunu etiraf edib:
“Təmiz qırmızı vərəqəlik epizod idi. Ehtiyatsızlıq edərək rəqibə qarşı aşkar kobudluq etmişdim. Bilirdim ki, hakim VAR-a baxmağa getsə, “qırmızı” göstərəcək”.
“Sumqayıt” qazandığı qələbə sayəsində xalların sayını 24-ə yüksəldərək 6-cı pillədəki “Turan Tovuz”la xal fərqini 4-ə endirib.
HƏBİB

