Premyer Liqanın 28-ci turunda “Turan Tovuz” doğma meydanda gözlənilmədən “Sumqayıt”a məğlub olub – 2:3.
“Kimyaçılar”ın prezidenti Riad Rəfiyev matçla və klubun gələcək taleyi ilə bağlı Sportinfo.az-a müsahibə verib.
– Qarşılaşma ilə bağlı fikirlərinizi eşidərdik.
– Çox maraqlı, gərgin mübarizə şəraitində keçən matç izlədik. Komandamız çox yaxşı, rəqibdən hərtərəfli üstün oynadı. Bu görüşdə qələbəyə tam layiq idik.
– Turnir cədvəlində sonuncu pillədəki "Səbail"lə 6 xallıq fərq yaranıb. Bu, qarşıdakı oyunlarda arxayınlığa səbəb ola bilərmi?
– Xeyr, arxayınlıqdan söhbət gedə bilməz. Bizim hələ qarşıda 8 vacib oyunumuz var. Həmin matçlara köklənmişik.
– "Turan Tovuz"la oyundan öncə futbolçularda motivasiya yaratmaq üçün onlara mükafat vəd edilmişdi?
– Xeyr, belə bir təşəbbüs olmayıb. Futbolçular bu matçın əhəmiyyətini dərk edirdilər və bu gün meydanda əllərindən gələni edərək 3 xal qazandılar.
– Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun açılış tarixi bəllidir?
– Hələlik bu barədə dəqiq informasiya verə bilmərəm.
– Yəqin ki, ölkə Prezidenti İlham Əliyevin açılışa gəlməsiylə bağlıdır...
– Bəli, ola bilər.
– "Turan Tovuz" – "Sumqayıt" oyununun çempionatdakı prinsipiallığı öz yerində. Bu qarşılaşmanı həm də Riad Rəfiyev – Ayxan Abbasov dueli adlandıra bilərik?
– Xeyr, bunu bu formada adlandırmaq istəməzdim. Nə mənim ona, nə də o insanın mənə aidiyyəti var. Çıxıb oyunumuzu oynayır, qələbəmizi qazanır və Sumqayıta yollanırıq.
– Tovuzdakı ilk qarşılaşmadan sonra komandasının ilk qələbəsinə sevinən Ayxan Abbasov mətbuat konfransında buna eyham vurmuşdu...
– Bu, onun öz işidir, özü bilər. Bizim öz mövqeyimiz, planlarımız var. Hazırda bütün diqqətimizi komandamıza yönəltmişik.
– "Sumqayıt" elitada qalacaq?
– İnşallah, buna ümid edirəm.
HƏBİB

