Tovuzda komandanı "ip"dən alan və nəfəs qaytaran 3 xal

1 Aprel 2023 19:40 Sumqayıt 389
Tovuzda komandanı "ip"dən alan və nəfəs qaytaran 3 xal

“Sumqayıt” Tovuz səfərindən vacib 3 xalla qayıdır.

Bunlara heç də asan başa gəlmədi. Samir Absovun yetirmələri erkən bərabərlik qoluna sevinsə də fasiləyə məğlub yollandı – 1:2.

Artıq oyunun əldən getdiyini düşünmək olardı. Həm səfər amilini, həm də psixoloji geriliyi nəzərə alsaq.

Ancaq qonaqlar çətin olanın öhdəsinən ikinci yarı gələ bildilər. 10 dəqiqədə vurulan iki qol 3:2 hesablı qələbəni təmin etdi.

Sumqayıtlılar mövsümdə ilk dəfə belə parlaq gözə dəydi. Səfər matçı, hesabda gerilik və azarkeş təzyiqi də onları dayandıra bilmədi.

Bəli, iddia etsək ki, “Sumqayıt” daha yaxşı oynadı, bu, yalan olar. Demək olar ki, meydanda bərabər mübarizə getdi.

Sadəcə “Sumqayıt” adına mövsümün ən yaxşı matçını keçirdiklərini demək olar.

Məsələn, indiyə qədər heç bir görüşdə məğlubiyyətdən xilas olmaq mümkün olmamışdı. Ən yaxşı halda bir dəfə geridönüş bərabərliklə nəticələmişdi. O da “Qəbələ” ilə (1:1) ev oyununda.

Amma bu dəfə nəinki gerilik aradan qaldırıldı, hətta qələbə qazanmaq da mümkün oldu. Tovuzda şansın da Abasovun komandasının yanında olduğunu qeyd etməmək mümkün deyil.

Kamran Əliyevin ilk qolunda top Sadiq Quliyevə dəyib qapıdan keçdisə, ikinci qolunda Şəhriyar Əliyevin ani diqqətsizlikdən sonra top itirməsi vacib rol oynadı.

Dieqo Kariokanın qola çevirdiyi penala isə Nathan Oduvanın adi vəziyyətdə istəmədən əllə oynaması səbəb oldu.

Hava-su kimi vacib 3 xal qonaqların aktivinə yazıldı. Hazırkı vəziyyətdə onlara heç yaxşı oyun da lazım deyil. Hər halda trunir cədvəlində önə çıxmaq üçün yaxşı oyun yox, xallar əsas rol oynayır.

“Kimyaçılar” indi rahat nəfəs ala bilərlər. Sonuncu pillədə gedən “Səbail”lə aradakı fərq 6-ya kimi yüksəldi.

Qarşıda cəmi 8 tur var. Bayıl təmsilçisi Gəncədə surpriz etməsə, kifayət qədər yaxşı fərqdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti