Sənə "pəpə" yoxdur

14 Mart 2023 09:40 Sumqayıt 559
Sənə "pəpə" yoxdur

Samir Abasov karyerasının ən çətin dönəmini yaşayır.

İmtahan verməyə hazırlaşan abituriyentə bənzətmək olar onu.

Üzləşdiyi vəziyyət hardasa karyera imtahanı kirmi bir şeydir.

«Sumqayıt»ı Premyer Liqada saxlasa, day zaval yoxdur ona. Getdi ta! Həmişə işi olacaq, bekar qalmayacaq.

Çətindir. Komanda mövsümün başından bəri ləngər vurur. Elə olmayıb ki, ardıcıl 3 tur qələbə qazansınlar. Uğurlu-uğursuz seriyalar bir-birinin «dabanını tapdalayır».

Samir Abasov «Sumqayıt»a Aleksey Baqadan fərqli, risk alaraq futbol oynadır. Belaruslunun «Sumqayıt»ı futbol oynayırdı ki? Heyət də o deyil, güclənib. Amma və lakin…

«Sabah»la qarşılaşmada qaçırılan qol epizodlarını izlədizmi? Doğrudan da, o epizodlara izah tapmaq çətindir. Anlam verə bilmirsən ki, necə oldu, ələ düşən fürsətlərdən biri dəyərləndirilmədi.

Halva idi, ey!

Samir Abasov neyləsin buna?

«Sabah» çempionatın ən iddialı iki klubundan biridir. Nizamlı, futbolçularının səviyyəsi ilə seçilir.

Belə güclü rəqiblə oynayırsnsa və fərqlənmək üçün bir-iki qol vəziyyəti yaxalayırsansa, şükür etməli, Tanrının hədiyyəsindən mütləq faydalanmalısan.

Top qapını gördünsə, onu hədəfdən yayındırmamalısan. İstifadə etməsən, sənə «pəpə» yoxdur, sonra qapını Şirvanşahların karvansarayına döndərəcəklər.

Necə ki, elədilər, bağışlamadılar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti