Çempion statusunu təslimçi ruha dəyişən azərbaycanlı baş məşqçi

10 Mart 2023 19:00 Sumqayıt 589
Çempion statusunu təslimçi ruha dəyişən azərbaycanlı baş məşqçi

Samir Abasov aqressiv, inadkar və məğlub olmağı əsla sevməyən bir personadır.

Hər zaman onun iddialı açıqlamaları mətbuatın manşetlərini bəzəyib.

Çalışdırdığı komandaların uğurlu-uğursuz dönəm keçirməsindən asılı olmayaraq.

Onun “Sumqayıt”dakı ilk dönəmində uğurlu olmasının və “Neftçi” ilə ölkə çempionu olmasının da kökündə duran əsas məqamlardan biri bu idi.

Amma bu gün tam fərqli Abasov görməkdəyik.

Deyəsən, o, coşub-daşan ruhlu xarakterini təslimçi insan obrazına dəyişib.

Hər halda, təcrübəli mütəxəssisin son açıqlamaları belə düşünməyə əsas verir.

Məsələn, evdə “Kəpəz”ə məğlubiyyətdən (1:2) sonrakı mətbuat konfransında bu sözləri gündəm olmuşdu: “Bu cür oyunla heç nəyə ümid etmək də olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə davam etsək, Premyer Liqadan düşsək, demək ki, layiqli şəkildə alınacaq. Əsəbdən dediyim sözlər deyil. Sadəcə bunları vurğulamaq lazımdır. Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuzda bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan".

Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin iclasında növbəti dəfə təsdiqləndi ki, mövsümün sonu Premyer Liqanı bir klub tərk edəcək.

Qərarla bağlı mətbuata danışan Abasov yenə ümidsiz fikirləri ilə yadda qalıb:

"Premyer-liqanı tərk edəcək komandaya görə bütün Azərbaycan heyfsilənəcək. Öz adımızdan danışım. Sumqayıt kimi böyük şəhərin böyük futboldan uzaq düşməsi heç də yaxşı olmayacaq. Ən pisi odur ki, heç kim növbəti mövsüm divizionun qalibinin yenidən elitaya dönəcəyinə zəmanət vermir. Bölgə təmsilçilərinin premyer-liqanı tərk etməsi, həmin regionda futbolun ölümünə fərman verməyə bənzəyir. Elitada komanda sayını artırmaq daha yaxşıdı, nəinki kimisə aşağı salmaq. Dağıtmağa nə var ki?

Elitanı tərk edəcək komandanın azarkeşləri üzüləcək, sponsorlar kənara çəkiləcək. Biz özünəməxsus qaydaları olan futbol ölkəsində yaşayırıq. Bu vaxta kimi niyə bu məsələ aktual deyildi? Bu günə kimi heç bir klub elitanı tərk etməmişdi ki, heç kim də heç nə demirdi. İndi nə dəyişdi?

Cari mövsümdə Gəncəyə, Tovuza böyük futbol qayıdıb. Nəyi pisdi? Bölgə oyunlarında dolu tribunalar görürük ki, buna da sevinirik. Fikrimcə, kimisə elitadan aşağı salmaq məntiqsiz addımdı”.

Göründüyü kimi, Samir müəllim çox narahatdır. Komandasının Premyer Liqada qalacağına heç inamı yoxdur.

Ancaq, bu bədbinlik ona yaraşmır.

Ən azı qazandığı Azərbaycan çempionluğu statusuna görə.

Axı 45 yaşlı mütəxəssisi dogma şəhərin komandasını ağır durumdan çıxarmaq üçün baş məşqçi postuna gətiriblər.

Yox, əgər ilk o təslim olacaqsa, sabah futbolçulara da deməyə söz qalmaycaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti