"Sumqayıt"da qopan bağ - O olmasa...

7 Mart 2023 21:00 Sumqayıt 594
"Sumqayıt"da qopan bağ - O olmasa...

“Sumqayıt" "Səbail" səfərində növbəti 3 xalı aktivinə yazdıra bildi.

Amma komanda hələ də ürəkaçan, ümidverən oyun göstərmir. Samir Abasovun ilk vaxtlarda oynatdığı futbol indikindən daha urvatlıydı.

Təcrübəli mütəxəssisi də çox qınamaq olmur. Ki, heyətdəki futbolçuların "sanbalı" indikindən artığına imkan vermir.

Əslində zonalar üzrə baxası olsaq vəziyyət o qədər də kritik deyil.

Müdafiə xətti normal adlardan, yaxşı karyerası olan futbolçulardan ibarətdir. Lazım olsa bir yox, bir neçə 90 dəqiqəni qolsuz keçirə bilərlər. Söhbət milli və klub karyerasında təcrübəsi yerə-göyə sığmayan Vurğun Hüseynovdan, Elvin Bədəlovdan, Stiven Pereyradan gedir.

Elə cinhlarda çıxış edən Todor Todorski və Süleyman Əhmədov da az aşın duzu deyillər.

Hücum xəttində də kifayət qədər bel bağlamalı adlar var. Nə Kərim Abubakar pisdi, nə Vüsal İsgəndərli, nə də Dieqo Karriaki.

Sadəcə, pis olan bu iki mövqeni əlaqələndirməli olan orta xəttin iflic olmasıdır. Əslində yarımmüdafiə zonasında da “kimyaçılar”ın yaxşı fiqurları var.

Amma hər birinin ən yaxşı bacardığı iş dağıdıcı funksiyadır. Bəs yaratmaq?

Müdafiə ilə hücumun arasındakı rabitəni qurmaq üçün dağıdıcı yox, yaradıcı personaya ehtiyac var.

İndiki “Sumqayıt”ın heyətində isə adını çəkə biləcəyimiz bir futbolçu belə yoxdur. Məsələn, son illər həmin məsuliyyəti üzərinə götürən fiqur gah Aleksey İsayev olurdu, gah da Rəhim Sadıxov.

Bu gün adıçəkilənlərin kölgəsini belə əvəz edəcək kimsə yoxdur. Abasov missiyanı Murada Masakiyə həvalə etmişdi.

Arxada qalan 6 tur göstərdi ki, yaponiyalı bu işi bacaracaq səviyyədə deyil.

O da həmkarları kimi topu ələ keçirən kimi lazımsız ötürmələrlə daha çox yadda qalır. Önə yox, daha çox geriyə, yana ötürmələrlə 90 dəqiqəni yola verir.

Abasova isə əksinə, topa sahib olanın meydana sahib olmasını istəyir. Adi ötürrmələrdə səhvlər yox, kreativ ötürmələr edilməsini arzulayır.

Hələki belə biri komandada yoxdur. On görədə iki faza arasında bağ qırılıb.

Yeni transfer bundan sonra mümkünsüzdür. Ümi qalır Abasovun fərasətinə. Bəlkə o yenə kimdənsə istədiyini ala bilər.

Ki, həmin qopan bağı bərpa edə bilsin. Hə, onsuz da 1-2 qələbə və ya bərabərlik qazanmaq olar. Ancaq, həmin bağ olmasa, bar verən bağ da yaratmaq olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti