BORC

5 Mart 2023 21:00 Sumqayıt 408
BORC

Bu, «ölüm-qalım tamaşası»nın növbəti pərdəsi idi.

«Səbail» 2023-cü ildə Bayılda keçirdiyi matçların heç birində yenilgi almamışdı.

Şahin Diniyevə ilk belə kədəri «Sumqayıt» yaşatdı.

Gerçəyi demək gərəkdir: Samir Abasovun Sumqayıtdan Bayıla gətirdiyi heyət - nə ilk, nə də sonrakı dəqiqələrdə meydana çıxan futbolçular qeyri-adi nəsə eləmədi.

Sadəcə, mübarizə apardılar. Bax, əzmkarlıq…

Hansı ki, ötən həftə məhz bu yox idi, «Kəpəz» onların doğma şəhərindən kefikök qayıtmışdı.

Çempionatda yer üstündə mücadilə verənlər iki yerə bölünür: yuxarı can atanlar və olduqları səhnədə qalmaq istəyənlər.

İş belə gətirib ki, 2 il öncə qitə arenasına vəsiqə qazanan «Sumqayıt» indi turnir cədvəlində sondan ikinci olmağı arzulayır.

İddia havadan yaranmır. İstənilən komandanı iddialı edən onun büdcəsi, futbolçularının səviyyəsi, baş məşqçisinin kimliyidir.

Samir Abasov inişil «Neftçi»yə çempionluq bəxş etdi, «Sumqayıt»da isə hədəflər kiçik, amma rənglər tünddür. Verdiyi tapşırıqları icra edənlərin keyfiyyəti aşağıdır ki, autsayderlər qrupundan çıxmaq ağır bir məqsədə dönüb.

«Gəmi»nin xilası yalnız birləşməkdən, bu birliyin əmələ gətirdiyi gücdən, bu gücün ağırlığından asılıdır. Söz vermək olar, bunu hər kəs edir.

Verilən sözü tutmaq, sonadək o sözün arxasında dayanmaq, yekunda «biz bacardıq» demək halva bişirmək qədər asan görünməməlidir. Bu, ruh çalışmasıdır.

«Sumqayıt» bəndənizdə o inamı yaratdı. Daha doğrusu, o inamı bərpa etdi. Mücadilə verdilər, qazandılar. «Sumqayıt»a yaraşan formada.

İstərdim ki, bu cür davam eləsinlər. Gah elə, gah belə oynamasınlar.

Bu futbolçular niyə başa düşməsin ki, «Sumqayıt» I Diviziona enəndən sonra onlar da mövcud dəyərlərini tamamilə itirəcəklər.

Çörəyini yedikləri kluba bunun qarşılığını vermək, anlamlı yanaşmaq bu formanı geyinənlərin ümdə borcudur.

Bədən və dil borcu, vəzifə borcu, vicdan borcu…

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"